1500-dən çox tələbə təcrübə və məşğulluq proqramlarına cəlb olunub

Elm və Təhsil

25.12.2025 10:50

Təhsil Tələbə Krediti Fondunun işəgötürənlərlə əməkdaşlığı və gənclərin məşğulluğuna dəstək istiqamətində gördüyü işlərin nəticələri açıqlanıb.

TodayPress TV xəbər verir ki, Fondun İdarə Heyətinin sədri Bəhruz Əzimov 4 illik fəaliyyətə həsr olunmuş hesabat təqdimatında bildirib ki, bu müddət ərzində işəgötürənlərlə əməkdaşlıq çərçivəsində mühüm nəticələr əldə olunub.

Onun sözlərinə görə, 9 təhsil müəssisəsi, 7 dövlət qurumu və 19 özəl şirkətlə Anlaşma Memorandumu imzalanıb. Bu əməkdaşlıqlar nəticəsində Təhsil Tələbə Krediti Fondundan yararlanmış 1527 tələbə müxtəlif təlim proqramlarına cəlb edilib, 1500 tələbə və məzun təcrübə proqramlarına yönləndirilib, 350 məzun isə işlə təmin olunub.

Bəhruz Əzimov qeyd edib ki, Fond gənclərin real əmək bazarına inteqrasiyasını sürətləndirmək məqsədilə təcrübə və könüllülük proqramlarını da genişləndirib. Belə ki, Fond daxilində 6 müxtəlif istiqamət üzrə istehsalat təcrübə proqramları təşkil olunub və bu proqramlara 50-dən çox gənc cəlb edilib.

Eyni zamanda könüllülük proqramı çərçivəsində indiyədək 275 gəncin iştirakı təmin edilib. Fond sədri bildirib ki, bu proqramlar gənclərin peşə bacarıqlarının formalaşması, iş mühitinə uyğunlaşması və gələcək karyeralarının qurulması baxımından mühüm rol oynayır.

Bəhruz Əzimov vurğulayıb ki, Təhsil Tələbə Krediti Fondu yalnız maliyyə dəstəyi mexanizmi deyil, eyni zamanda gənclərin bilik, bacarıq və məşğulluq imkanlarını artıran kompleks bir platforma kimi fəaliyyət göstərir.

Qiymət Mahir

TodayPress TV

tag: Bəhruz Əzimov,TTKF,Hesabat,Təqdimat,Todaypress.tv,