Zelenski Trampla telefon danışığının detallarını açıqladı

Dünya

26.02.2026 00:50

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Tramp ilə baş tutan telefon danışığının detallarını açıqlayıb. 

TodayPress TV xəbər verir ki, bu barədə Zelenski öz "Telegram" kanalında yazıb. 

"Az əvvəl ABŞ Prezidenti Donald Tramp ilə danışdım. Söhbətə Trampın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner də qoşuldular. Hazırda komandalarımız çox çalışır və mən bütün səylərə, müharibənin dayandırılması ilə bağlı danışıqlara bu cür cəlb olunduqlarına görə təşəkkür etdim", - deyə o, paylaşımda qeyd edib. 

Prezident, həmçinin PURL proqramının əhəmiyyətini və Ukraynanın daha effektiv müdafiə üçün ABŞ-dən ala biləcəyi hava hücumundan müdafiə sistemlərinin vacibliyini qeyd edib. 

“Sabah Cenevrədə nümayəndələrimizin ikitərəfli görüşdə üzərində işləyəcəkləri məsələləri, eləcə də martın ilk günlərində danışıqlar aparan komandaların tam tərkibdə üçtərəfli formatda növbəti görüşünə hazırlığı müzakirə etdik. Prezident Tramp bu cür addımlar ardıcıllığını dəstəkləyir. Bütün mürəkkəb və həssas məsələləri həll etməyin və nəhayət müharibəni bitirməyin yeganə yolu budur”, - deyə Zelenski əlavə edib. 

TodayPress TV

tag: Zelenski,Tramp,Telefon,Detal,Cenevrə,Todaypress.tv,