Yepiskop Mkrtıç Proşyan ev dustaqlığına buraxılacaq
Dünya
12.02.2026 15:30
Erməni Apostol Kilsəsinin Araqatsotn yeparxiyasının primatı yepiskop Mkrtıç Proşyan məhkəməyəqədər həbsdən azad ediləcək.
TodayPress TV xəbər verir ki, bu barədə yepiskopun vəkili Ara Zöhrabyan "Sputnik Ermənistan"a açıqlamasında bildirib.
Onun sözlərinə görə, məhkəmə onun barəsində alternativ qətimkan tədbiri kimi ev dustaqlığının seçilməsi barədə qərar verib.
Araqatsotn vilayətinin birinci instansiya məhkəməsi Proşyanın həbsini ləğv edib və ev dustaqlığı tətbiq olunmasına qərar verib.
Xatırladaq ki, yanvarın 26-da məhkəmə yepiskopun məhkəməyəqədər həbs müddətini bir ay uzatmışdı. Eyni iş üzrə Araqatsotn yeparxiyasının dəftərxana rəhbəri Qaregin Arsenyanın da ev dustaqlığı daha bir ay artırılmışdı.
Proşyan və Arsenyan “keşişləri mitinqlərdə iştirak etməyə məcbur etmə” və “əmlak oğurluğu” maddələri ilə ittiham olunurlar.
Ermənistan hakimiyyəti ilə Erməni Apostol Kilsəsi arasında münasibətlər son aylarda gərginləşib. Baş nazir Nikol Paşinyanın ruhanilərə qarşı sərt çıxışları və katolikosun seçilməsi prosedurunun dəyişdirilməsi təşəbbüsü qarşıdurmanı daha da dərinləşdirib.
Bu fonda bir neçə yüksək rütbəli ruhani müxtəlif ittihamlarla həbs edilib. Kilsəni müdafiə edən iş adamı və xeyriyyəçi Samvel Karapetyan da bəyanatına görə həbs olunub.
Noyabrın sonlarında bir qrup kilsə iyerarxının katolikos II Kareginə qarşı ittihamlarla çıxış etməsi və daha sonra Baş nazir Paşinyanla görüşməsi gərginliyi artırıb. 4 yanvar 2026-cı ildə isə Paşinyan 10 yepiskopla Kilsənin “təkmilləşdirilməsi üçün yol xəritəsi”ni imzalayıb.
Türkan İsgəndərli
tag: Ermənistan,Apostol,Məhkəmə,Dustaq,Todaypress.tv,
