Yaxın Şərq ölüm məhvərinə doğru - Şoyqudan SOS
Yaxın Şərqdə baş verən hadisələr, xüsusilə gübrə tədarükündə yaranan məhdudiyyətlər dünyada aclıq çəkən insanların sayının artmasına səbəb ola bilər.
TodayPress TV xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bu barədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Təhlükəsizlik Şuraları katibləri Komitəsinin iclasından sonra jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, iclasda gələcək təhlükəsizlik çağırışları və potensial təhdidlər geniş müzakirə olunub. O qeyd edib ki, Yaxın Şərqdəki gərginlik, xüsusən də gübrə tədarükündə yaranan çatışmazlıq və məhdudiyyətlərin əkin mövsümünə təsadüf etməsi məhsuldarlığın azalmasına gətirib çıxara bilər. Bu isə nəticə etibarilə dünyada aclıqdan əziyyət çəkən insanların sayının artmasına səbəb olacaq.
Bundan əlavə, Şoyqu görüş zamanı qaz və neft kimi karbohidrogenlərin qiymətlərindəki artımın yaratdığı risklərin də müzakirə edildiyini bildirib. Onun sözlərinə görə, bu proses yalnız KTMT ölkələrinə deyil, qlobal miqyasda həyatın müxtəlif sahələrinə təsir göstərib. O vurğulayıb ki, bir çox ölkələrdə həm daxili, həm də beynəlxalq hava daşımalarında azalma müşahidə olunur.
Jalə Rövşən