Vyetnamda daşqın nəticəsində ölənlərin sayı 90-a çatdı

Dünya

23.11.2025 09:35

Vyetnamın mərkəzində güclü leysan yağışların səbəb olduğu kütləvi daşqınlar və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 90 nəfərə yüksəlib, 12 nəfər isə hələ də itkin düşmüş sayılır.

TodayPress TV xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı və Ətraf Mühit Nazirliyi yanında Anbarların İdarə Edilməsi və Fəlakətlərin Qarşısının Alınması Departamenti məlumat yayıb.

1100-dən çox ev, məktəb və inzibati bina dağılıb və ya zədələnib, təxminən 200 min ev su altında qalıb. Daşqınlar respublika magistrallarının 24 hissəsinə ciddi ziyan vuraraq yolları yararsız hala salıb və ölkənin mərkəzi regionu ilə digər ərazilər arasında avtomobil və dəmir yolu əlaqələrini ciddi şəkildə pozub.

Bununla yanaşı 80 min hektar əkin sahəsi və 100 min hektardan çox meyvə plantasiyası məhv olub, 3,5 milyon baş mal-qara və quş tələf olub. Rəsmi məlumatlara görə, fəlakətin ümumi iqtisadi təsiri 341 milyon dolları ötüb.

Türkan İsgəndərli

TodayPress TV 

tag: Leysan,Vyetnam,Daşqın,Yağış,Todaypress.tv,