Vaşinqton Şeynbaumun səbrini daşırdı: "ABŞ öz ərazisində nə edir?"

Vaşinqton Şeynbaumun səbrini daşırdı: "ABŞ öz ərazisində nə edir?"
26.11.2026 20:22 Dünya

Meksika Prezidenti Klaudia Şeynbaum ABŞ Narkotiklərlə Mübarizə İdarəsinin (DEA) Meksika ərazisində narkokartel üzvləri və onlarla əlaqəli məmurlar barədə anonim məlumatların toplanması üçün qaynar xətt açmaq qərarını daxili işlərə müdaxilə adlandırıb.

TodayPress TV xəbər verir ki, bu barədə o, gündəlik mətbuat konfransında danışıb.

“Təsəvvür edin ki, Meksikanın İctimai Təhlükəsizlik və Vətəndaşların Müdafiəsi Nazirliyi ABŞ-dəki korrupsiya halları barədə məlumat vermək üçün "WhatsApp" hesabı açardı. ABŞ hökuməti buna necə yanaşardı? Aydındır ki, bu, müdaxilə məsələsidir”, – deyə Şeynbaum vurğulayıb.

Lider qeyd edib ki, DEA-nın birbaşa ABŞ ərazisində, o cümlədən mütəşəkkil cinayətkarlıqla əlaqəli korrupsiya hallarının araşdırılması sahəsində kifayət qədər işi var.

“Qanunauyğun olaraq bizim də qarşılıqlı sualımız var: ABŞ öz ərazisində nə edir? Narkotikləri kim yayır, Birləşmiş Ştatlarda qanunsuz fentanil satışından əldə olunan pullar harada toplanır?” – deyə Şeynbaum bildirib və əlavə edib ki, Meksikada öz prokurorluq və ictimai təhlükəsizlik nazirliyi fəaliyyət göstərir, Amerika qurumları isə sərhədin öz tərəflərindəki vəziyyətə diqqət yetirməlidirlər.

Xatırladaq ki, daha əvvəl DEA rəhbəri Terri Koul "X" sosial şəbəkəsində Meksika kartelləri, çirkli pulların yuyulması şəbəkələri və onlara dəstək göstərən dövlət qulluqçuları barədə məxfi məlumatların verilməsi üçün qaynar xəttin fəaliyyətə başladığını elan edib. İlk mərhələdə qurum Sinaloa ştatı və eyniadlı kartel haqqında məlumatların toplanması üçün "WhatsApp" və "Signal" messencerlərində telefon nömrəsi, "Threema" tətbiqində identifikator və elektron poçt ünvanı yayımlayıb. Gələcəkdə Xalisko ştatı üçün də analoji kanalların yaradılması planlaşdırılır.

Aysel Mətləb

XƏBƏR LENTİ
27 NOYABR 2026
Bütün Xəbərlər