“Beşiktaş”dan Batumiyə: Azarkeşlər sağ-salamat qayıdana qədər...
“Beşiktaş” klubu Gürcüstanın Batumi şəhərində “Hapoel Beer-Sheva” ilə UEFA Avropa Liqası matçından əvvəl və oyun zamanı azarkeşlərinə qarşı təhlükəsizlik qüvvələrinin qeyri-mütənasib güc tətbiq etməsini pisləyib.
TodayPress TV xəbər verir ki, klub hadisələrdən zərər çəkən tərəfdarlarına şəfa diləyib.
Bildirilib ki, klub rəhbərliyi və rəsmiləri azarkeşlərin stadiona doğru hərəkətə başladığı andan etibarən prosesi yaxından izləyiblər.
Tərəfdarların stadiona girişində çətinlik yaradıldığının müəyyənləşməsindən sonra UEFA nümayəndəsi ilə təcili əlaqə saxlanılıb. Nəticədə stadionun təxliyə qapıları açılıb və azarkeşlərin stadiona sürətli, təhlükəsiz şəkildə daxil olması təmin edilib.
Klub təhlükəsizlik qüvvələrinin azarkeşlərə qarşı tətbiq etdiyi qeyri-mütənasib güclə bağlı Batumidəki Türkiyə Baş konsulluğu və UEFA ilə əlaqədar təşəbbüslərə başlanıldığını açıqlayıb.
“Beşiktaş” hər bir azarkeş Türkiyəyə sağ-salamat qayıdana qədər hadisələri yaxından izləyəcəyini vurğulayıb.
Açıqlamada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana da təşəkkür edilib. Bildirilib ki, dövlət başçısı klub prezidenti Sərdal Adalı ilə danışaraq prosesi izlədiyini bildirib və klubla azarkeşlərə keçmiş olsun diləklərini çatdırıb.
Klub həmçinin Gürcüstanda baş verən hadisələrlə bağlı həmrəylik nümayiş etdirən və dəstək mesajları göndərən digər klublara minnətdarlığını ifadə edib.
Kübra Musayeva