Etirazlar, ölümlər və məhkəmə: ABŞ-nin Keniyadakı Ebola karantin mərkəzi iflasa uğradı

Etirazlar, ölümlər və məhkəmə: ABŞ-nin Keniyadakı Ebola karantin mərkəzi iflasa uğradı
26.11.2026 21:42 Dünya

Keniyanın Ali Məhkəməsi hökumətin ABŞ-nin dəstəyi ilə Ebola qızdırmasına yoluxmuş şəxslərlə təmasda olan insanlar üçün karantin mərkəzi yaratmaq qərarını konstitusiyaya zidd hesab edib.

TodayPress TV xəbər verir ki, bu barədə “kenyans.co.ke” portalı məlumat yayıb.

Portalın məlumatına görə, hakim Patrisiya Nyaoundi hökumətin qərarların qəbulunda ictimaiyyətin iştirakını və vətəndaşların ictimai əhəmiyyətli məlumatlara çıxışını nəzərdə tutan konstitusiya müddəalarını pozduğuna qərar verib. Məhkəmə hökuməti 45 gün ərzində ABŞ ilə imzalanmış sazişin tam mətnini, epidemioloji və ekoloji risklərin qiymətləndirilməsinin nəticələrini, layihənin səlahiyyətli orqanlarla razılaşdırılmasına dair sənədləri, eləcə də xəstələrin qəbulu, təcrid olunması və müalicəsi ilə bağlı protokolları açıqlamağa məcbur edib.

Məhkəmənin tələbləri yerinə yetirilənədək obyektdə sonrakı işlərin aparılması və onun istismarı qadağan edilib.

50 nəfərlik karantin mərkəzi Keniyanın mərkəzi hissəsində, Nanyuki şəhəri yaxınlığındakı Laikipiya hərbi hava bazasının ərazisində yaradılıb. Mərkəz xaricdə Ebola qızdırmasına yoluxma riski ilə üzləşmiş ABŞ vətəndaşlarının yerləşdirilməsi üçün nəzərdə tutulmuşdu. İyul ayında Konqo Demokratik Respublikasında epidemiya ilə mübarizədə iştirak edən humanitar təşkilatların yeddi amerikalı əməkdaşı bu mərkəzdə karantinə yerləşdirilib.

Mərkəzin yaradılması xəstəliyin Keniya ərazisində yayılmasından ehtiyat edən yerli sakinlərin kütləvi etirazlarına səbəb olub. Etiraz aksiyaları zamanı iki nəfər həlak olub. Keniyanın Prezidenti Uilyam Ruto iyun ayında ABŞ Prezidenti Donald Trampın xahişi ilə mərkəzin yaradılmasını təsdiqlədiyini bildirib.

Qeyd edək ki, Keniyada Ebola qızdırmasına ilk yoluxma halı oktyabrın əvvəlində qeydə alınıb. Ümumilikdə ölkədə doqquz yoluxma halı aşkarlanıb, iki nəfər ölüb, qalanları isə sağalıb. Oktyabrın 19-dan etibarən Keniyada yeni yoluxma halları qeydə alınmayıb.

Aysel Mətləb

XƏBƏR LENTİ
27 NOYABR 2026
Bütün Xəbərlər