Ukrayna və İtaliyanın XİN başçıları Yaxın Şərqdəki vəziyyəti müzakirə etdilər
Dünya
26.03.2026 22:32
Ukraynanın xarici işlər naziri Andrey Sibiqa italiyalı həmkarı Antonio Tayani ilə görüş keçirib.
TodayPress TV xəbər verir ki, bu barədə Ukrayna XİN "Telegram" kanalında məlumat yayıb.
Bildirilib ki, tərəflər Kiyevin Rusiya-Ukrayna münaqişəsinin başa çatdırılması istiqamətindəki səylərini və Yaxın Şərqdəki eskalasiyanı müzakirə ediblər:
"Biz Ukrayna-İtaliya əməkdaşlığının daha da gücləndirilməsini müzakirə etdik və mən ardıcıl siyasi, hərbi və iqtisadi dəstəyə görə, xüsusən də ən çətin qışı arxada qoymağımıza kömək edən, Ukraynanın enerji dayanıqlığının təmin edilməsinə verdiyi praktiki töhfəyə görə İtaliyaya minnətdarlığımızı təsdiq etdim".
Qeyd olunub ki, Ukrayna XİN rəhbəri dayanıqlı sülhün əldə olunmasına yönəlmiş Ukraynanın cari səyləri barədə Tayaniyə məlumat verib. Sibiqa müharibənin başa çatdırılması üçün Rusiyaya təzyiqin gücləndirilməsinin vacibliyini bir daha vurğulayıb.
Tərəflər, həmçinin Yaxın Şərqdə vəziyyətin inkişafı, xüsusilə də ukraynalı ekspertlərin regionda müdafiə imkanlarının gücləndirilməsinə verdiyi töhfələrlə bağlı fikir mübadiləsi aparıblar.
tag: İtaliya,Ukrayna,XİN,Görüş,TodayPress TV,
