Üç lider bir arada - Sülh danışıqları dalana dirənir
Rusiya mətbuatı bu həftə əsas diqqəti Ukrayna müharibəsinə, Rusiya ərazilərinə dron hücumlarına və Moskvanın beynəlxalq diplomatik təmaslarına yönəldib.
TodayPress TV xəbər verir ki, TASS, “Kommersant” və “Rossiyskaya qazeta” kimi nəşrlərdə həftənin ən çox müzakirə olunan mövzuları hərbi əməliyyatlar və üçtərəfli sammit olub.
Ukraynanın dron hücumları və Rusiyanın hava hücumundan müdafiəsi
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, həftə ərzində Ukrayna tərəfindən Rusiya ərazilərinə yüzlərlə pilotsuz uçuş aparatı ilə hücum təşkil edilib.
Rusiya tərəfi bir gecədə 275-343 arasında Ukrayna dronunun məhv edildiyini açıqlayıb. Hücumların Belqorod, Bryansk, Kursk, Voronej, Rostov və digər vilayətləri, eləcə də Krım və Qara dəniz akvatoriyasını əhatə etdiyi bildirilib.
Bəzi bölgələrdə insan tələfatı, yaralananlar və infrastruktura ziyan qeydə alınıb. Hücumlar fonunda bir sıra hava limanlarında uçuşlar məhdudlaşdırılıb.
Rusiya Ukraynaya cavab zərbələri endirib
Krım körpüsünə hücumdan sonra Rusiya Prezidenti Vladimir Putin Kiyevə sərt cavab veriləcəyini bəyan edib.
Noyabrın 19-dan 20-nə keçən gecə Rusiya qüvvələri Ukraynaya qarşı genişmiqyaslı raket və dron hücumları həyata keçirib.
Rusiya Müdafiə Nazirliyi həftə ərzində Ukraynanın hərbi sənaye müəssisələrinin, dron istehsalı mərkəzlərinin və enerji infrastrukturunun hədəfə alındığını açıqlayıb.
Putin, Tramp və Si arasında üçtərəfli sammit
Həftənin əsas diplomatik hadisələrindən biri Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Tramp və Çin lideri Si Cinpin arasında keçirilən üçtərəfli görüş olub.
Görüşdən sonra nüvə müharibəsinin heç vaxt aparılmamalı və qazanıla bilməyəcəyi barədə birgə bəyanat qəbul edildiyi bildirilib.
Rusiya mediası sammiti Moskvanın beynəlxalq mövqeləri baxımından mühüm hadisə kimi qiymətləndirib. Bununla belə, Ukrayna münaqişəsinin həlli istiqamətində konkret nəticə əldə olunmayıb.
Sülh danışıqları və Qərblə münasibətlər
Rusiya mətbuatında ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin diplomatik fəaliyyəti, mümkün təhlükəsizlik zəmanətləri və Ukrayna münaqişəsinin həlli yolları da müzakirə olunub.
Putinin Krım körpüsünə hücumlardan sonra məhdud atəşkəs danışıqlarına getməyəcəyi ilə bağlı mövqeyi diqqət çəkib.
Moskva eyni zamanda NATO-nun genişlənməsinin dayandırılması ilə bağlı əvvəlki tələblərini gündəmdə saxlayıb.
Türkan İsgəndərli