Tbilisidə 6 nəfər öldü, Rusiya ilə diplomatik təmaslar başladı - Gürcüstanda nə baş verir?
Gürcüstan mətbuatı noyabrın 16-21-də Tbilisidə baş verən faciəvi partlayışa və ölkənin Rusiya ilə münasibətlərində yeni diplomatik təmaslara geniş yer ayırıb.
TodayPress TV xəbər verir ki, yerli medianın diqqət mərkəzində həmçinin iqtisadi göstəricilər, regional təhlükəsizlik və Avropa İttifaqı ilə münasibətlər olub.
Tbilisidə partlayış: 6 nəfər həyatını itirib
Noyabrın 19-da Tbilisinin Poniçala qəsəbəsində beşmərtəbəli yaşayış binasında güclü partlayış baş verib. Hadisə nəticəsində 6 nəfər, o cümlədən iki uşaq həlak olub.
İlkin ehtimala görə, partlayış qaz sızması nəticəsində baş verib. Xilasedicilər təxminən 15 saat davam edən əməliyyat zamanı 3 yaşlı Taiyanı dağıntılar altından sağ çıxarıblar.
Hadisə ilə əlaqədar noyabrın 22-si Gürcüstanda ümummilli matəm günü elan edilib. Partlayış nəticəsində zərər görən binada yaşayan 28 ailə müvəqqəti olaraq otellərə yerləşdirilib.
Gürcüstan və Rusiya arasında birbaşa dialoq bərpa olunur
Həftənin digər əsas hadisəsi Gürcüstan və Rusiya rəsmiləri arasında Minskdə keçirilən görüş olub.
Noyabrın 19-da Gürcüstan Baş nazirinin Rusiya ilə əlaqələr üzrə xüsusi nümayəndəsi Giorgi Zurabaşvili ilə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bir araya gəlib.
Görüşdə ticarət-iqtisadi, mədəni və humanitar əməkdaşlıq, eləcə də regional təhlükəsizlik məsələləri müzakirə olunub.
Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili dialoqdan çəkinməməyə çağırsa da, müxalifət və bəzi ekspertlər bu təmasların mümkün siyasi nəticələrini tənqid ediblər.
Türkan İsgəndərli