Türkiyə XİN Qara dənizdə türk tankerinə edilən hücumla bağlı açıqlama yaydı

Dünya

26.03.2026 22:10

Qara dənizdə türk tankerinə edilən dron hücumu ilə bağlı Türkiyənin Xarici İşlər Nazirliyi açıqlama yayıb.

TodayPress TV xəbər verir ki, nazirlik açıqlamasında xam neft daşıyan, “ALTURA” adlı, Sierra Leone bayrağı altında üzən və türk şirkəti tərəfindən işlədilən tankerin bu gün Qara dənizdə məruz qaldığı hücumu böyük narahatlıqla qarşıladığını bildirib:

“Hücumla bağlı müvafiq qurumlarımız tərəfindən zəruri araşdırmalar və texniki müdaxilələr aparılır. Gəmidə olan 27 nəfərlik türk heyətinin sağlamlıq vəziyyətinin yaxşı olduğu öyrənilib. Qara dənizdəki Müstəsna İqtisadi Zonamız daxilində baş verən və beynəlxalq hüquqa zidd olan bu və buna bənzər hücumlar bölgədə insan həyatı, əmlak, naviqasiya və ətraf mühit təhlükəsizliyi baxımından ciddi risklər yaradır. Müharibənin Qara dəniz akvatoriyasına yayılmasının və daha da gərginləşməsinin qarşısını almaq məqsədilə aidiyyəti tərəflərlə təmaslarımızı davam etdiririk”.

Qeyd edilib ki, bu çərçivədə, Türkiyə ölkənin bölgədəki iqtisadi maraqlarını və fəaliyyətlərini qorumaq məqsədilə beynəlxalq qanunlar əsasında zəruri tədbirlər görmək hüququnu da qorumaqdadır.

TodayPress TV

tag: Türkiyə,Qara dəniz,Tanker,Dron,TodayPress TV,