Türkiyə F-16-nın qəzası ilə bağlı təfərrüatları açıqladı

Dünya

26.02.2026 17:23

Qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcı təyyarəsi Bolqarıstan sərhədi yaxınlığında naməlum radar siqnalı aşkar etdikdən sonra döyüş hazırlığı vəziyyətində olub.

TodayPress TV xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasında bildirilir ki, fevralın 25-də Bolqarıstanla sərhəddə naməlum radar siqnalı qeydə alındıqdan sonra Balıkesirdə yerləşən 9-cu Əsas Baza Komandanlığından iki F-16 təyyarəsi həyəcan siqnalına cavab olaraq havaya qalxıb. Bakı vaxtı ilə saat 01:56-da qırıcı təyyarələrdən biri ilə əlaqə kəsilib.

Nazirlik qəzanın səbəblərinin araşdırıldığını və bunun üçün aviasiya qəzalarının təhqiqatı üzrə ekspert qrupunun fəaliyyət göstərdiyini açıqlayıb.

Xatırladaq ki, fevralın 25-də Balıkesir aviabazasından qalxan təyyarə adi təlim uçuşu həyata keçirib. Qısa müddət sonra təyyarə ilə radio əlaqəsi kəsilib və o, İzmir–İstanbul magistral yoluna düşüb.

Qəza nəticəsində güclü partlayış və yanacaq yanması baş verib, təyyarənin qalıqları bir neçə yüz metr radiusa səpələnib. Pilot hadisə zamanı həlak olub.

Türkan İsgəndərli

tag: Türkiyə,MN,Təyyarə ,Qəza,Todaypress.tv,