Trampdan "Ukrayna açıqlaması": Avropa qəbul edəcək? - RƏY

Dünya

25.02.2026 23:39

ABŞ Prezidenti Donald Tramp Konqresdə illik çıxışı zamanı Ukrayna-Rusiya müharibəsindən də danışıb.

O bildirib ki,  prezident kimi vəzifəsinin ilk 10 ayında səkkiz müharibəyə  son qoyub və bacardığı hər yerdə sülh bağlayacaq.


Politoloq Aydın Quliyev Ağ Ev liderinin bu açıqlamasını TodayPress TV-yə şərh edib.


Onun qənaətincə, bu çıxış daha çox daxili auditoriyaya yönəlib:

"Donald Trampın səkkiz müharibəyə son qoyması ilə bağlı bəyanatı reallıqdan çox daxili auditoriyaya və şəxsi reytinqə hesablanmış mülahizədir. Bu səkkiz münaqişə arasında yeganə istisna Azərbaycan-Ermənistan münaqişəsidir və həmin münaqişəni Tramp həll etməyib".


Analitik qeyd edib ki, bu münaqişəni Azərbaycan Prezidenti İlham Əliyev həll edib. Tramp isə 8 avqust razılaşmasını münaqişənin həllindən sonrakı mərhələdə vasitəçilik edərək imzaladıb. O əlavə edib ki, Trampın həll etdiyini iddia etdiyi digər yeddi münaqişə tam şəkildə başa çatmayıb və istənilən vaxt yenidən alovlana bilər:

“Məsələn, Fələstin-İsrail münaqişəsini həll olunmuş saymaq reallığa uyğun deyil. Eləcə də Hindistan-Pakistan  və Tailand-Kamboca münaqişəsi əvvəlki kimi qalır. Ukrayna müharibəsi isə göz qabağındadır”.


Siyasi şərhçinin fikrincə, eyni məntiqlə yanaşdıqda, Trampın qarşıdakı dövrdə Ukrayna münaqişəsini həll etməsi perspektivli görünmür. O vurğulayıb ki, Trampın yanaşması praqmatik olsa da, ədalət və beynəlxalq hüquq prinsiplərinə uyğun gəlmir. 

"Bu səbəbdən belə yanaşma Ukrayna və Avropa tərəfindən qəbul edilə bilməz. Əgər münaqişənin həlli yalnız Trampın öhdəsinə buraxılarsa, nəticə əldə etmək çətin olacaq. Ya o, prinsiplərini dəyişərək beynəlxalq hüquqa uyğun layihə təqdim etməlidir, ya da bu münaqişənin həlli perspektivi yoxdur”, - deyə A.Quliyev fikrini yekunlaşdırıb.

Aysel Mətləb

TodayPress TV

tag: ABŞ,Tramp,Ukrayna,Müharibə,Rusiya,Todaypress.tv,