“Şans yoxdur”: "WhatsApp" Rusiya ilə bağlı açıqlama verdi
Dünya
12.02.2026 18:15
Mesajlaşma tətbiqi "WhatsApp" Rusiyadakı istifadəçilərin xidmətə çıxışını qorumaq üçün səylərini davam etdirəcəyini bildirib. Şirkət Rusiya hakimiyyətinin bloklama qərarını “geriyə addım” adlandırıb.
TodayPress TV xəbər verir ki,"WhatsApp" bu haqda "X" sosial şəbəkəsində məlumat yayıb.
Belə ki, bir gün əvvəl whatsapp.com və web.whatsapp.com domenləri Milli Domen Ad Sistemindən (NDNS) silinib və bu da Rusiyanın IP ünvanlarından xidmətə girişi mümkünsüz edib.
Kreml bildirib ki, tətbiq hakimiyyət orqanları ilə dialoqa girməsə, ölkədə fəaliyyət göstərmək şansı yoxdur.
Rusiyada ekstremist təşkilat kimi tanınan və qadağan olunmuş Meta şirkətinə məxsus "WhatsApp" rusiyalı istifadəçilərin platformadan yararlana bilməsi üçün səylərini davam etdirəcəyini bəyan edib.
Bəyanatda deyilir: “İstifadəçiləri əlaqədə saxlamaq üçün əlimizdən gələni etməyə davam edirik”. Şirkət həmçinin Rusiya hakimiyyətinin "WhatsApp"ı tam bloklamağa çalışdığını vurğulayaraq bunu “geriyə addım” kimi qiymətləndirib.
Fevralın 12-də Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, "WhatsApp" yalnız Meta şirkəti Rusiya qanunvericiliyinə əməl etməyə və hakimiyyət orqanları ilə dialoqa başlamağa razılaşarsa, ölkədə fəaliyyətini bərpa edə bilər.
“Əgər korporasiya eyni güzəştsiz mövqedə qalarsa və Rusiya qanunvericiliyinə tam riayət etmək istəmədiyini nümayiş etdirərsə, onda heç bir şans yoxdur”, – deyə Peskov əlavə edib. O, brifinqdə “Maks”ı xarici messencerlərə alternativ kimi təqdim edib.
Jalə Rövşən
tag: WhatsApp,Rusiya ,Blok,Dimitri Peskov ,Todaypress.tv,
