Rusiyanın Ukraynaya hücumu nəticəsində ölənlərin sayı artdı

Dünya

25.11.2025 10:57

Noyabrın 25-nə keçən gecə Rusiya ordusu Kiyevə kütləvi hava hücumu həyata keçirib. Hücum nəticəsində ölənlərin sayı artıb.

TodayPress TV xəbər verir ki, Kiyev Şəhər Hərbi Administrasiyasının məlumatına görə, Svyatoşinski rayonunda 6 nəfər hadisə yerində ölüb, ən azı 3 nəfər yaralanıb.

Rusiya ordusu hücum zamanı müxtəlif növ raketlər və pilotsuz uçuş aparatlarından istifadə edib. Darnitski, Svyatoşinski, Peçerski və Dneprovski rayonları zərbələrə məruz qalıb. Peçersk rayonunda 22 mərtəbəli yaşayış binasına raket düşüb və 4-7-ci mərtəbələr daha çox ziyan görüb.

Dneprovski rayonunda 9 mərtəbəli binaya zərbə nəticəsində yanğın baş verib. Darnitski rayonunda qeyri-yaşayış binası zədələnib, Svyatoşinski rayonunda isə dağıntılar altında insanların qala biləcəyi bildirilir.

Hücumdan sonra paytaxtın bir sıra bölgələrində elektrik və su təchizatında fasilələr yaranıb. Xidmət orqanları enerji və kommunal xətlərin bərpası üzərində çalışır.

Xatırladaq ki, Rusiya-Ukrayna müharibəsi 24 fevral 2022-ci ildə başlayıb.

Türkan İsgəndərli

TodayPress TV

tag: Ukrayna,Rusiya,Hücum,Kiyev,Todaypress.tv,