Rusiyalıların 86 faizi borc içində batır
Rusiyalıların böyük əksəriyyəti – 86 faizi son üç il ərzində kredit və ya digər borc öhdəlikləri götürüb. Bununla belə, ölkə sakinlərinin 63 faizi bu cür maliyyə xidmətlərini son çarə hesab edir və onlardan mümkün qədər uzaq durmağa üstünlük verir.
TodayPress TV xəbər verir ki, bu barədə “TASS” agentliyinə istinadən, 2026-cı ilin may–iyun aylarında Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin (VTsIOM) Analitik Mərkəzi tərəfindən aparılan araşdırmanın nəticələrinə əsasən məlumat yayıb.
Araşdırmaya görə, rusiyalıların böyük əksəriyyəti maliyyə öhdəlikləri üzrə ödənişləri gecikdirməyi məqbul hesab edir. İstehlak krediti götürənlər arasında bu göstərici 79 faiz, kredit kartı sahibləri arasında isə 90 faiz təşkil edib. Respondentlərin yarısından azı – 42 faizi ödənişlərini heç bir gecikmə olmadan, dəqiq vaxtında etdiyini bildirib.
Araşdırmanın müəllifləri qeyd edirlər ki, böyük borcu olan insanlara münasibət də kifayət qədər müsbətdir. Respondentlərin 43 faizi borclulara rəğbət bəslədiyini, yalnız 26 faizi isə onlara mənfi yanaşdığını bildirib.
Sosioloqların məlumatına görə, respondentlərin ən azı 72 faizi mənzil, tibbi müalicə və təhsil məqsədilə kredit götürməyi əsaslı hesab edir. Bununla belə, sorğuda iştirak edənlərin yalnız 27 faizi kredit sektorunu yaxşı başa düşdüyünü etiraf edib.
Zəhra Məmmədova