Rubio Münhendə Zelenski ilə görüşə hazırlaşır
Dünya
13.02.2026 10:44
ABŞ Dövlət katibi Marko Rubio Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşməyi planlaşdırır.
TodayPress TV xəbər verir ki, bu barədə CNN yazıb.
Məlumata görə, Rubio Münhenə yola düşməzdən əvvəl jurnalistlərə açıqlamasında Zelenskinin də konfransda iştirak edəcəyini bildirib.
“Düşünürəm ki, o da orada olacaq və biz onu görmək imkanı əldə edəcəyik. Güman edirəm ki, bu görüş qrafikimdə var. Buna 100 faiz əmin deyiləm, amma hesab edirəm ki, baş tutacaq”, – deyə Rubio qeyd edib.
Dövlət katibi vurğulayıb ki, ABŞ hərbi əməliyyatların dayandırılmasını istəyir, çünki insanlar əziyyət çəkir. O əlavə edib ki, ABŞ bir ildən artıqdır münaqişəyə son qoymaq istiqamətində intensiv çalışır.
Məlumata görə, 13–15 fevral tarixlərində keçiriləcək Münhen Təhlükəsizlik Konfransında Rubio “dəyişən dünya” mövzusunda çıxış edəcək. Konfransdan sonra onun Slovakiya və Macarıstana səfər edərək bu ölkələrlə Rusiya enerji resurslarından imtina məsələsini müzakirə etməsi planlaşdırılır.
Ukrayna Prezidenti Volodimir Zelenski də daha əvvəl ölkəsinin Münhen Təhlükəsizlik Konfransında iştirak edəcəyini açıqlayıb.
Qiymət Mahir
tag: Volodimir Zelenski ,Münhen ,ABŞ ,Rusiya ,Todaypress.tv,
