Polşa Prezidentinin ofisində 140 min dollar oğurlandı
Dünya
25.02.2026 17:36
Polşa Prezidentinin ofisində ciddi maliyyə pozuntuları aşkar edilib.
TodayPress TV xəbər verir ki, bu barədə "Wprost" və "Wiadomości WP" məlumat yayıb.
Daxili qarşılıqlı yardım fondundan təxminən 500.000 zlotı (təxminən 140.000 dollar) itkin düşüb.
Məlumata görə, kassadakı işçi digər əməkdaşların adına saxta kreditlər verib və həmin kreditlərdən əldə olunan vəsaitləri öz hesabına köçürüb. Pozuntu, zərərçəkmişlərdən birinin mövcud olmayan borcu ödəmək üçün maaşından qanunsuz olaraq pul tutulduğunu aşkar etməsindən sonra üzə çıxıb.
Uyğunsuzluqlar aşkar edildikdən sonra işçi işdən çıxarılıb və bütün materiallar istintaq orqanlarına təqdim olunub. Pozuntu ilə bağlı prokurorluğa şikayət verilib. İlk şahidlər dindirilib, sənədlər toplanıb və dəymiş ziyanın dəqiq məbləği ilə zərərçəkənlərin sayı müəyyənləşdirilməyə çalışılır.
İstintaq İqtisadi Cinayətlərə Qarşı Mübarizə Polisi tərəfindən həyata keçirilir. Prokurorluq hələlik təfərrüatları açıqlamayıb və istintaqın davam etdiyini bildirib.
Türkan İsgəndərli
tag: Polşa,Prezident,Maliyyə,Ofis,Todaypress.tv,
