Peskov: "Kubalı dostlarımızla əlaqə saxlayırıq"
Dünya
12.02.2026 14:04
"Rusiya Kuba ilə əlaqələrini davam etdirir və yardım göstərmək üçün variantları nəzərdən keçirir".
TodayPress TV "Gazeta.ru"ya istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.
Kremlin sözçüsü ABŞ-nin adaya qarşı enerji blokadası fonunda Havanaya humanitar yardım çərçivəsində planlaşdırılan neft tədarükünün həcmi ilə bağlı sualı cavablandırıb. Ötən ilin fevral ayında Rusiya Prezidenti Vladimir Putin Kubaya 100 min ton neft tədarükünü təsdiqləmişdi. Lakin böhran fonunda Rusiyanın Kubadakı səfiri əlavə tədarüklərin nəzərdən keçirildiyini bildirib.
"Hazırda bu məsələləri bu qədər açıq şəkildə müzakirə edə bilməyəcəyimiz aydındır, amma mən yalnız təkrarlaya bilərəm: kubalı dostlarımızla əlaqə saxlayırıq və onlara kömək göstərmək üçün variantları müzakirə edirik", – deyə o, jurnalistlərə bildirib.
Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova daha əvvəl Kubaya neft tədarükü ilə bağlı şərh vermişdi. Diplomat qeyd edib ki, Rusiya aviaşirkətləri “Rossiya” və “Nordwind” tərəfindən həyata keçirilən uçuşlarla bağlı “çox çətin vəziyyət” yaranıb. Nəticədə, Rusiya tərəfi dəstək tədbirlərini nəzərdən keçirir və Kuba hakimiyyəti ilə əlaqə saxlayır.
Qeyd edək ki, bundan əvvəl Tramp Kubaya neft tədarük edən ölkələrdən gələn mallara rüsum tətbiq edən sərəncam imzalamışdı.
Jalə Rövşən
tag: Kuba ,Dmitri Peskov ,Rusiya ,ABŞ,Todaypress.tv,
