Paşinyanın “Varçaband” diskotekası partiyaya neçəyə başa gəlib?

Dünya

13.02.2026 10:26

Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən diskoteka hakim “Vətəndaş Müqaviləsi” partiyasına 8,5 milyon drama (təxminən 22,3 min ABŞ dolları) başa gəlib.

TodayPress TV xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti yazıb.

Nəşrin məlumatına görə, çıxış yanvarın 30-da İrəvandakı "Palladium Hall" restoranında baş tutub. Xərclərlə bağlı məlumatı partiyanın idarə heyəti sədrinin müavini Vaaqn Aleksanyan açıqlayıb.

Bildirilib ki, ümumi məbləğin 2,5 milyon dramı zalın icarəsinə, 4,9 milyon dramı brendləşdirmə, dizayn və atributların alınmasına, 1,1 milyon dramı isə aranjeman, musiqiçilər və DJ-ə ödənişlərə sərf olunub.

Nəşr yazır ki, "Palladium Hall"un iştirakçılara böyük endirimlər etməsi ehtimal olunur. Belə ki, 500 nəfərlik zalın icarəsi zamanı bir nəfər üçün tarif 27 min dram (69 dollar) təşkil edir. Qəzetin hesablamalarına görə, təkcə zalın xidmət haqqı təxminən 13,5 milyon dram (34 min dollar) ola bilərdi.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bir müddətdir zərb alətlərində ifa etməyə başlayıb və “Varçaband” adlı musiqi qrupu yaradıb. Qrupun adı erməni dilində “baş nazir” sözünün ilk iki hecası ilə “band” sözünün birləşməsindən formalaşıb.

Paşinyan Ermənistan İctimai Televiziyasına müsahibəsində bildirib ki, zərb alətlərində ifa etməyi onlayn platforma vasitəsilə öyrənib və təlim üçün cəmi 250 ABŞ dolları ödəyib.

Qiymət Mahir

tag: Ermənistan,Nikol Paşinyan,Dram,Varçaband,Todaypress.tv,