Paşinyan Ermənistanın bayrağını və gerbini dəyişir? - Qərar referendumla veriləcək...
Ermənistan xalqı referendum yolu ilə bayrağı, gerbi və digər dövlət rəmzlərini seçməlidir. Buna görə də yeni konstitusiya layihəsində onların dəqiq təsviri yer almır.
TodayPress TV xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan brifinq zamanı jurnalistlərə bildirib.
“Hərbi emblem və dövlət rəmzləri ilə bağlı bildirmişdik ki, rəmzlər qanunla müəyyən edilir, qanun isə referendumla qəbul olunur. Bu, nə üçün edilir? Vətəndaşın öz dövləti ilə üzvi bağlılıq hiss etməsi üçün hər şeyi etmək lazımdır. Konkret təkliflərimiz yoxdur, biz deyirik ki, bu qanun referendumla qəbul edilməlidir”, – deyə o vurğulayıb.
Qeyd edək ki, qüvvədə olan konstitusiyanın 21-ci maddəsində dövlət rəmzləri dəqiq müəyyən edilib. Yeni konstitusiya layihəsinin 16-cı maddəsində isə deyilir:
“Ermənistan Respublikasının rəmzləri gerb, bayraq və himndir. Gerbin və bayrağın təsviri, eləcə də himn referendum yolu ilə qəbul edilən qanunla müəyyən olunur”.
Xatırladaq ki, noyabrın 23-də Ermənistan hakimiyyəti ölkənin yeni konstitusiya layihəsini açıqlayıb.
Aysel Mətləb