Paşinyan Əliyevlə görüşərkən İrəvanda Azərbaycanın əleyhinə böyük təxribat baş verdi
Azərbaycan və Ermənistan arasında sülh gündəliyinin müzakirə olunduğu bir vaxtda İrəvanda keçirilən futbol matçında nümayiş etdirilən pankart siyasi müzakirələrə səbəb ola biləcək mesajla diqqət çəkib.
TodayPress TV “Armat Media”ya istinadən xəbər verir ki, noyabrın 12-də İrəvanda keçirilən Ermənistan–Kipr futbol matçı zamanı erməni azarkeşlər futbol çərçivəsindən kənara çıxan siyasi mesajı əks etdirən pankart açıblar.
Pankartda “Artsax unudulmayıb” ifadəsi yer alıb.
Pankartın müşayiətində yayılan mətndə iki xalq və iki vətən işğal yaraları ilə zədələnmiş tərəflər kimi təqdim olunub. Şimali Kiprin Türkiyə, Artsaxın isə Azərbaycan tərəfindən işğal edildiyi iddia olunub. Doğma torpaqlarından didərgin düşməyin ağrısı, əllərindən alınanları unutmamaq və geri qayıtmaq ümidi bu iki xalqı birləşdirən amillər kimi göstərilib.
Mətndə, həmçinin “Bir vətən müvəqqəti olaraq işğal edilə bilər, lakin xalqla onun torpağı arasındakı bağ əbədidir” fikri vurğulanıb.
Pankartda Qarabağla bağlı erməni tərəfinin mövqeyi ifadə olunub. Beləliklə, idman tədbiri siyasi mesajın nümayiş olunduğu platformaya çevrilib.
Diqqətçəkən məqam odur ki, bu hadisə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüşün keçirildiyi günə təsadüf edib.
Bu isə regionda sülh və münasibətlərin normallaşdırılması istiqamətində müzakirələrin davam etdiyi bir vaxta təsadüf etməsi baxımından xüsusi diqqət çəkir.
Zəhra Məmmədova