Pakistan Əfqanıstanla sərhəddə patrul xidməti həyata keçirir
Dünya
27.02.2026 13:08
Pakistan Hərbi Hava Qüvvələrinə (PAF) məxsus təyyarələr qonşu ölkədəki hərbi hədəflərə zərbələr endirdikdən sonra Qəndəhar əyaləti səmasında patrul xidməti həyata keçirir.
TodayPress TV xəbər verir ki, bu barədə Pakistanın dövlət televiziyası "PTV" məlumat yayıb.
Məlumata görə, Pakistan silahlı qüvvələri istənilən hücuma hazırdır və cavab vermək imkanına malikdir. Mənbələr iddia ediblər ki, hava hücumları Əfqanıstan qüvvələrinin bir sıra əsas mövqelərini məhv edib və bundan sonra "Taliban" qüvvələri bəzi mövqelərdə ağ bayraq qaldırıblar.
Pakistanın informasiya naziri Ataullah Tarar daha əvvəl bildirib ki, ölkənin hava qüvvələri Kabil, eləcə də Qəndəhar əyaləti və Paktiya əyalətində Əfqanıstanın hərbi hədəflərinə zərbələr endirib. Onun sözlərinə görə, bir neçə briqada və korpus qərargahı, sursat anbarı və logistika məntəqəsi məhv edilib.
Qeyd edək ki, fevralın 26-sı axşamı Pakistan-Əfqanıstan sərhədində döyüşlər başlayıb. Kabil rəsmiləri bildiriblər ki, Əfqanıstan Pakistanın hava hücumlarına cavab olaraq hərbi əməliyyatlar aparır. İslamabad isə cavab zərbələri nəticəsində 133-dən çox əfqan hərbçisinin öldürüldüyünü və təxminən 80 ədəd hərbi texnikanın məhv edildiyini açıqlayıb. Pakistan hakimiyyəti toqquşmalar zamanı 40 pakistanlının öldüyünü bildirib.
Türkan İsgəndərli
tag: Pakistan,Əfqanıstan,Hava qüvvələri,Sərhəd,Todaypress.tv,
