Moskvada qorxunc yanğının ağır nəticəsi: Ölənlərin sayı bir qədər də artdı
Moskva vilayətindəki Krasnozavodsk kimya zavodunun ərazisində yanğından sonra dağıntıların sökülməsi zamanı beş nəfərin meyiti aşkarlanıb.
TodayPress TV xəbər verir ki, bu barədə Sergiyev Posad şəhər dairəsinin rəhbərinin səlahiyyətlərini müvəqqəti icra edən Aleksey Lujetski məlumat verib.
Onun sözlərinə görə, zavodun ərazisində yanğının nəticələrinin aradan qaldırılması üzrə işlər başa çatıb. Həlak olanların yaxınlarına psixoloji yardım göstərilir.
Zavodun ərazisində havanın vəziyyətinə nəzarət davam etdirilir. Zərərli maddələrin yol verilən həddən artıq konsentrasiyası aşkarlanmayıb.
Xatırladaq ki, oktyabrın 1-i Krasnozavodsk kimya zavodunun istehsalat korpuslarından birində yanğın baş verib. Sonrakı gün 1 nəfərin meyiti aşkarlanmış, daha əvvəl isə 40 nəfər təxliyə edilmişdi.
Aysel Mətləb