Malayziyada emosional tükənmiş gənclər üçün xüsusi mərkəz açıldı
Dünya
12.02.2026 19:30
Malayziyada emosional tükənmiş gənclər üçün xüsusi istirahət kompleksi yaradılıb. Burada əsas məqsəd qonaqlara işləmədən, sadəcə dincələrək enerji bərpa etmək imkanı verməkdir.
TodayPress TV xəbər verir ki, "Daily Mail"in məlumatına görə, kompleks Kuala-Lumpurdan təxminən 180 kilometr aralıda yerləşən Gopeng şəhərində fəaliyyət göstərir və səkkiz akr ərazini əhatə edir.
Təbiət qoynunda yerləşən məkanda qonaqlar 500 dollar qarşılığında dörd həftə qalaraq adi iş rejimindən uzaq, sakit mühitdə yaşaya bilirlər.
Kompleksdə qonaqlara yaşayış və gündə üç dəfə qidalanma təmin olunur. Layihənin əsas ideyası isə “heç nə etməmək”dir. İştirakçılar istədikləri qədər yatmaq, təbiətdə gəzmək, bağçılıqla məşğul olmaq, balıqları yemləmək, tərəvəz əkmək, ev yeməkləri yemək və ya sadəcə dincəlmək imkanı əldə edirlər.
Layihənin 26 yaşlı qurucusunun sözlərinə görə, ideya emosional tükənmə yaşayan gənclərin sayının artması fonunda yaranıb. Onun ailəsi adi qocalar evini idarə edir və bu təcrübə ona insanların enerjisini bərpa edə biləcəyi, həyat məqsədlərini yenidən düşünə biləcəyi məkan yaratmaq fikrini verib.
Layihə işə başladıqdan sonra müraciətlərin sayı gözləntiləri xeyli üstələyib. İlk ay tam dolub, hazırda isə yüksək tələbat səbəbindən mərkəz müvəqqəti olaraq ziyarətçilər üçün bağlanıb.
Qiymət Mahir
tag: Malayziya,Gopeng ,Layihə ,Gənclər,Todaypress.tv,
