Madaqaskarda milli fəlakət elan edildi
Dünya
12.02.2026 17:18
Madaqaskar hökuməti 30-dan çox insanın həyatına son qoyan Gezan siklonu ilə əlaqədar ölkədə milli fəlakət elan edib.
TodayPress TV xəbər verir ki, bu barədə “Madagascar Tribune” qəzeti məlumat yayıb.
Məlumata görə, fövqəladə vəziyyət rejimi hakimiyyət orqanlarına daha operativ qərarlar qəbul etməyə və qurumlar arasında koordinasiyanı gücləndirməyə imkan verir. Bu çərçivədə hərəkətin məhdudlaşdırılması, bəzi ərazilərin bağlanması və komendant saatının tətbiqi kimi tədbirlər görülə bilər. Qanunvericiliyə əsasən, milli fövqəladə vəziyyət 15 gün müddətinə elan olunur və zərurət yaranarsa uzadıla bilər.
Milli Risklərin Azaldılması və Fəlakətlərin İdarə Edilməsi Departamentinin son məlumatına əsasən, siklon nəticəsində 36 nəfər ölüb, 374 nəfər yaralanıb, 6 nəfər isə itkin düşüb. Təbii fəlakət ümumilikdə 257 mindən çox insana təsir göstərib, təxminən 9 min nəfər evlərini tərk etmək məcburiyyətində qalıb.
Ölkənin ikinci ən böyük şəhəri və əsas limanı olan Toamasina ən çox zərər çəkən bölgədir – şəhərin 80 faizi dağılıb. Ümumilikdə ölkə üzrə 18 minə yaxın yaşayış evi dağılıb, 37 min evə ziyan dəyib, təxminən 12 min ev isə su altında qalıb.
Hazırda Gezan siklonu Madaqaskarı tərk edib və tropik çökəklik statusu alıb. Madaqaskar Meteorologiya Xidmətinin məlumatına görə, küləyin sürəti saatda 55 kilometrə, ayrı-ayrı külək güclənmələri isə saatda 75 kilometrə çatır.
Türkan İsgəndərli
tag: Madaqaskar,Gezan,Fəlakət,Siklon,Todaypress.tv,
