Kuba 51 məhbusu azad edəcək

Dünya

14.03.2026 15:56

Kuba Vatikan ilə əldə olunan razılaşma çərçivəsində ölkə həbsxanalarında saxlanılan 51 nəfəri azad etməyi planlaşdırır.

TodayPress TV xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, qərar cəzalarının böyük hissəsini çəkmiş və müsbət davranış göstərmiş məhbuslara şamil ediləcək.

İnsan haqları təşkilatlarının məlumatına görə, azad etmə prosesi artıq başlayıb. 11 iyul 2021-ci il etirazları zamanı saxlanılan bir neçə siyasi məhbus şərti azadlığa buraxılaraq həbsxananı tərk edib.

Bu addım ölkədə davam edən sosial narazılıq və iqtisadi çətinliklər fonunda atılır. Kuba prezidenti Migel Dias-Kanel ölkə rəsmilərinin ABŞ administrasiyası ilə danışıqlar apardığını təsdiqləyib. Danışıqların məqsədi gərginliyi azaltmaq və iqtisadi blokadanın təsirlərini yüngülləşdirməkdir.

Son aylarda Kubada baş verən etirazlar əsasən qida və yanacaq çatışmazlığı, tez-tez elektrik kəsintiləri və artan iqtisadi təzyiqlə əlaqələndirilir. Məhbusların azad edilməsi hökumətin sosial gərginliyi azaltmaq və beynəlxalq təzyiq fonunda kompromisə hazır olduğunu göstərən addım kimi qiymətləndirilir.

Türkan İsgəndərli

TodayPress TV

tag: Kuba,Məhbus,Əfv,Azadlıq,Todaypress.tv,