KİV: Modi Trampla telefon danışığından yayındı

Dünya

25.02.2026 13:26

Hindistanın baş naziri Narendra Modi ABŞ ilə ticarət danışıqları zamanı Donald Trumpla telefon danışığından yayınmağa çalışıb.

TodayPress TV xəbər verir ki, bu barədə "Financial Times" qəzeti məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, Modi Trampın sonradan danışıqların məzmununu öz versiyasında və Hindistan üçün əlverişsiz formada təqdim edə biləcəyindən ehtiyat edib.

Nəşr qeyd edir ki, ABŞ–Hindistan ticarət sazişinin layihəsi 2025-ci ilin ortalarında demək olar hazır idi. Lakin bəzi məsələlər üzrə fikir ayrılıqları səbəbindən sənədin imzalanması 2026-cı ilin əvvəlinə qədər təxirə salınıb. Bildirilir ki, bu müddətdə Modi mümkün telefon danışığının siyasi nəticələrindən çəkinib.

Qəzet nümunə kimi ötən il Hindistan və Pakistan arasında yaşanan gərginliyi göstərir. Həmin vaxt Tramp iki ölkə arasında atəşkəsə vasitəçilik etdiyini açıqlamışdı, lakin Hindistan hökuməti ABŞ-nin bu prosesdə rolunu təkzib etmişdi.

Xatırladaq ki, fevralın 2-də  Tramp Hindistan–ABŞ ticarət razılaşmasının əldə olunduğunu elan edib. Razılaşmaya əsasən, ABŞ Hindistan mallarına tətbiq etdiyi gömrük rüsumlarını 50 faizdən 18 faizə endirəcək. Bunun müqabilində Hindistan Rusiya neftinin idxalını dayandırmağa və bir sıra ticarət məhdudiyyətlərini aradan qaldırmağa razılıq verib.

Jalə Rövşən 

TodayPress TV

tag: Hindistan ,Narendra Modi,Donald Tramp ,Danışıq ,Todaypress.tv,