Kaliforniyada fişəng anbarında partlayış
ABŞ-nin Kaliforniya ştatının Yolo qraflığında yerləşən fişəng anbarında baş vermiş güclü partlayış və yanğın nəticəsində azı yeddi nəfər itkin düşüb.
TodayPress TV xəbər verir ki, bu barədə Meşə Təsərrüfatı və Yanğından Mühafizə Departamentinin (CAL FIRE) regional bölməsi məlumat yayıb.
Məlumata görə, hadisə yerində yanğın hələ də tam nəzarət altına alınmayıb. Yaxın ərazilərdə yaşayan sakinlər üçün təxliyə əmrləri hələ də qüvvədədir.
İtkin düşən şəxslərin axtarışı davam edir. Xilasedicilər və müstəntiqlər anbarın sahibi ilə əməkdaşlıq edirlər. Əraziyə dronlar cəlb olunub və araşdırmalar texnoloji vasitələrlə aparılır.
Partlayışın səbəbi hələ ki müəyyən edilməyib. Hazırda istintaq davam edir.
Türkan İsgəndərli