İranda helikopter qəzası baş verdi

Dünya

24.02.2026 10:59

İranın mərkəzində yerləşən İsfahan əyalətində vertolyot qəzaya uğrayıb. Bildirilir ki, hadisə Xomeynişəhər yaxınlığındakı Dorçe şəhərində qeydə alınıb.

TodayPress TV xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

Məlumata əsasən, qəza şəhərin bağçılıq kompleksi yaxınlığında baş verib. Hələlik ölən və ya xəsarət alanlar barədə rəsmi məlumat açıqlanmayıb.

Həmçinin qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp ABŞ və İran rəsmiləri arasında keçiriləcək danışıqlar ərəfəsində Tehranın razılığa gəlməsinin vacibliyini vurğulayıb və əks halda ölkənin “pis günlərlə” üzləşə biləcəyi barədə xəbərdarlıq edib.

“The Wall Street Journal” qəzetinin yazdığına görə, Cenevrədə keçirilən ABŞ–İran danışıqlarında Tehran Vaşinqtonun nüvə proqramı ilə bağlı əsas narahatlıqlarını aradan qaldırmaq məqsədilə yüksək səviyyədə zənginləşdirilmiş uran ehtiyatlarının bir hissəsini Rusiya kimi üçüncü tərəfə göndərməyi təklif edib. Qəzet bildirir ki, İran uranın zənginləşdirilməsini üç ilədək dayandırmağa hazır olduğunu bəyan edib. Lakin ABŞ administrasiyası proqramın tamamilə dayandırılmasında israr edir.

Qeyd edək ki, bundan əvvəl də İranda hərbi təyyarə qəzası baş vermişdi.

Jalə Rövşən 

TodayPress TV

tag: İran ,Təyyarə ,Qəza ,ABŞ ,Todaypress.tv,