Dünya neft bazarında ŞOK QƏRAR: Milyonlarla barel ehtiyat təcili bazara çıxarılır
Beynəlxalq Enerji Agentliyinə (BEA) üzv ölkələr neft və neft məhsulları ehtiyatlarının, o cümlədən 20 milyon bareldən çox dizel yanacağının mümkün qədər qısa müddətdə bazara çıxarılmasını sürətləndirmək barədə razılığa gəliblər.
TodayPress TV xəbər verir ki, bu barədə agentliyin İdarə Heyətinin keçirilən iclasının yekunlarına dair bəyanatında bildirilib.
Sənəddə qeyd olunub ki, İdarə Heyəti ehtiyatların qalan hissəsinin, o cümlədən 20 milyon bareldən çox dizel yanacağının ən qısa müddətdə bazara çıxarılmasını sürətləndirmək qərarına gəlib.
Agentliyin məlumatına görə, mart ayında razılaşdırılmış tədbirlər çərçivəsində indiyədək bazara təxminən 330 milyon barel neft çıxarılıb. BEA-ya üzv ölkələr qalan təxminən 100 milyon barelin vaxtında bazara çıxarılması üçün bütün zəruri tədbirləri görmək barədə razılığa gəliblər.
İdarə Heyəti, həmçinin ehtiyat hasilat və emal güclərinə malik ölkələri neft və neft məhsullarının, xüsusilə dizel yanacağının tədarükünü artırmağa çağırıb.
Bəzi ölkələr artıq mart ayında üzərlərinə götürdükləri öhdəliklərdən daha çox neft ehtiyatını bazara çıxarıblar. Digər dövlətlərin də bu addımı atması gözlənilir. Nəticədə bazara çıxarılacaq ehtiyatların ümumi həcmi əvvəlcədən razılaşdırılmış 400 milyon bareli ötəcək.
BEA bildirib ki, agentliyin son qiymətləndirmələri dizel yanacağı bazarında gərginliyin davam etdiyini göstərir. Üzv ölkələr dünya enerji bazarlarında vəziyyətin sabitləşdirilməsi üçün əlavə tədbirlər görməyə hazır olduqlarını da təsdiqləyiblər.
Qeyd edək ki, 2026-cı ilin martında BEA-ya üzv ölkələr Hörmüz boğazı ilə bağlı böhrana cavab olaraq ehtiyatlarından 400 milyon barel neftin birgə şəkildə bazara çıxarılması barədə razılığa gəlmişdilər.
Aysel Mətləb