Argentina ayağa qalxdı! Minlərlə etirazçı polislə toqquşdu
Argentinanın paytaxtı Buenos-Ayresin mərkəzində hakimiyyətin siyasətinə etiraz edən bir neçə min nəfər toplaşıb, əvvəlcə dinc keçən aksiya sonradan polislə toqquşmalara çevrilib.
TodayPress TV xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Məlumata görə, tələbələr və müəllimlər parlament binasının qarşısına toplaşaraq hakimiyyətdən deputatların təsdiqlədiyi qanunun icrasını tələb ediblər. Həmin qanun universitetlərdə təqaüdlərin və əməkhaqlarının artırılmasını nəzərdə tutur. Aksiyaya müxtəlif həmkarlar ittifaqlarının nümayəndələri də qoşulublar.
Parlament binasının ətrafına dəmir sipərlər quraşdırılıb. Onların arxasında su şırnaqları ilə təchiz edilmiş polis maşınları yerləşdirilib.
Bir müddət sonra polis əməkdaşlarına butulka və daşlar atılıb. Hüquq-mühafizə orqanları buna gözyaşardıcı qaz və su şırnaqları ilə cavab veriblər.
Şəhərdə güclü yağış başladıqdan sonra aksiya iştirakçıları ərazini tərk etməyə başlayıblar.
Aysel Mətləb