Başqa ulduz sistemindən gələn kosmik obyekt Yerə yaxınlaşır
Dünya
24.11.2025 19:00
Başqa bir ulduz sistemindən olduğu təsdiqlənən 3I/ATLAS adlı kosmik obyekt Yerə 300 milyon kilometrdən az məsafəyə yaxınlaşıb.
TodayPress TV "Gazeta.ru" ya istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu məlumat yayıb.
Alimlər bildirirlər ki, kometa noyabrın 23-də Yerdən 300 milyon kilometrlik “psixoloji sərhədi” keçib və hər gün məsafəni təxminən 2 milyon kilometr azaldır. Dörd həftə sonra obyekt Yerə ən yaxın nöqtəyə – 269 milyon kilometrə çatacaq, daha sonra isə Günəş sistemindən uzaqlaşmağa başlayacaq.
Oktyabrın 24-də Cənubi Afrikadakı MeerKAT radioteleskopu kometadan ilk radio siqnalını qeydə alıb. 2026-cı ildə isə Yupiter yaxınlığından keçərkən NASA-nın Juno aparatı ondan aşağı tezlikli siqnallar tutmağa çalışacaq.
Qeyd edək ki, 3I/ATLAS iyulun 1-də aşkar edilib və alimlər onun 7,5 milyard illik, başqa ulduz sistemindən gələn qədim kometa olduğunu müəyyən ediblər.
Harvard Universitetindən Avi Loeb isə daha əvvəl obyektin texnoloji xarakter daşıya biləcəyi ehtimalını da irəli sürmüşdü.
Jalə Rövşən
tag: Kosmik obyekt,Yer, 3I/ATLAS ,Nasa,Todaypress.tv,
