Almaniyada qanunsuz girişlər kəskin azaldı – Son 5 ilin ən aşağı göstəricisi

Almaniyada qanunsuz girişlər kəskin azaldı – Son 5 ilin ən aşağı göstəricisi
05.09.2026 15:13 Dünya

Almaniyada qanunsuz giriş cəhdlərinin sayı avqust ayında son 5 ildən çox müddətin ən aşağı səviyyəsinə düşüb.

TodayPress TV xəbər verir ki, “Die Welt” qəzetinin Almaniya Federal Polisinin məlumatlarına istinadən yaydığı xəbərə görə, avqustda 3 587 qanunsuz giriş cəhdi qeydə alınıb.

Bu, iyulla müqayisədə 14%, ötən ilin avqust ayı ilə müqayisədə isə 39% azdır.

2026-cı ilin ilk 8 ayında Almaniya sərhədlərində ümumilikdə 32 606 qanunsuz giriş halı müəyyən edilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 24% azdır.

Almaniya 2024-cü ilin sentyabrından bütün qonşu ölkələri ilə sərhədlərində nəzarəti gücləndirib. 2025-ci ilin mayından isə ölkənin daxili işlər naziri Aleksandr Dobrindt sərhəddə daha sərt geri qaytarma siyasətinin tətbiqinə göstəriş verib. Federal Polisin məlumatına görə, həmin vaxtdan etibarən 43 438 nəfər sərhəddən geri qaytarılıb.

Bununla belə, rəsmi statistika bütün qanunsuz keçidləri əhatə etmir. Mühafizə olunmayan ərazilərdən qeydiyyatsız keçidlər statistikaya daxil edilmir.

Mütəxəssislər həmçinin sığınacaq müraciətlərinin sayının qanunsuz miqrasiyanın birbaşa göstəricisi olmadığını vurğulayırlar. İlin ilk yarısında 39 646 nəfər Almaniyada ilk dəfə sığınacaq üçün müraciət edib, lakin onların bir hissəsi ölkəyə qanuni yollarla daxil olub.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
05 SENTYABR 2026
Bütün Xəbərlər