Almaniyada hərbi xidmətdən imtina edənlərin sayı artır

Dünya

27.04.2026 17:10

Almaniyada vicdani əsaslarla hərbi xidmətdən imtina edənlərin sayı sürətlə artır.

TodayPress TV xəbər verir ki, bu barədə "Neue Osnabrücker Zeitung" qəzeti məlumat yayıb.

2026-cı ilin ilk üç ayında artıq 2656 nəfər bu cür ərizə təqdim edib. Bu göstərici 2024-cü ilin ümumi sayını (2249) geridə qoyub.

Ekspertlər hesab edir ki, bu temp davam edərsə, ilin sonuna qədər müraciətlərin sayı 10 mini keçə bilər. Bu isə 2011-ci ildə məcburi hərbi xidmətin ləğvindən bəri ən yüksək göstərici olacaq.

Statistikaya görə, 2025-ci ildə 3879 nəfər, 2023-cü ildə isə 1079 nəfər hərbi xidmətdən imtina edib. Eyni zamanda, əvvəlki qərarını dəyişənlərin sayı da artır: 2025-ci ildə 781 nəfər, 2026-cı ilin ilk rübündə isə artıq 233 nəfər imtina qərarını geri götürüb.

Almaniya Müdafiə Nazirliyi bildirir ki, hazırda ölkənin silahlı qüvvələrində təxminən 185 min hərbçi xidmət edir.

Qeyd edək ki, Almaniyada 2026-cı ilin əvvəlindən yeni hərbi xidmət modeli tətbiq olunur. Bu model gənclərin tibbi müayinədən keçməsini və qeydiyyata alınmasını nəzərdə tutur. Hərbi xidmət hələ də könüllü olaraq qalır.

Türkan İsgəndərli

TodayPress TV

tag: Almaniya,Hərbi xidmət,Əsgərlik,Vicdani əsas,Todaypress.tv,