Aİ Ukraynada atəşkəs tələb etməyə davam edəcək
Avropa İttifaqı (Aİ) Rusiya ilə danışıqlara başlamaq üçün ilkin şərt kimi Ukraynada atəşkəs tələbini davam etdirəcək.
TodayPress TV xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət idarəsinin rəhbəri Kaya Kallas Aİ xarici işlər nazirlərinin qeyri-rəsmi görüşünün yekunlarına dair keçirilən mətbuat konfransında bəyanat verib.
O qeyd edib ki, Aİ şərtsiz atəşkəsi danışıqların başlaması üçün ilkin tələb hesab edir. Onun sözlərinə görə, Rusiya, həmçinin Aİ-dəki seçkilərə müdaxilə və sabotaj aktlarını, eləcə də Avropa dövlətlərinin hava məkanının pozulmasını dayandırmalıdır.
Avropa diplomatiyasının rəhbəri hesab edir ki, Ukrayna ordusunun say tərkibinin məhdudlaşdırılması Avropanın təhlükəsizliyinə təhdid yaradacaq, bu səbəbdən Aİ Rusiya üçün də hərbi məhdudiyyətlər tələb etməlidir.
Kallasın fikrincə, hər hansı bir sülh sazişi Ukraynanın istənilən ittifaqa daxil olmaq hüququnun tanınmasını özündə əks etdirməlidir.
Aysel Mətləb