ABŞ İrana qarşı yönələn strateji bombardmançılarını geri çəkir

ABŞ İrana qarşı yönələn strateji bombardmançılarını geri çəkir
25.06.2026 21:00 Dünya

ABŞ Hərbi Hava Qüvvələri İrana qarşı hərbi əməliyyatda istifadə olunmaq üçün Böyük Britaniyanın Ferford ön xətt aviabazasında yerləşdirilən "B-1B Lancer" və "B-52H Stratofortress" strateji bombardmançı təyyarələrini tədricən geri çəkməyə başlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə Böyük Britaniyanın "Fairford Movements" portalı məlumat yayıb. 

Ötən həftənin sonu ilə müqayisədə, Vaşinqton və Tehran arasında qarşılıqlı anlaşma memorandumunun imzalanması fonunda, aviabazadakı təyyarələrin sayı 24-dən 18-ə düşüb.

Bununla belə, britaniyalı müşahidəçilər bu vəziyyətin bombardmançıların rotasiyası ilə bağlı ola biləcəyini və geri çağırılanların əvəzinə yeni təyyarələrin gələcəyini də istisna etmirlər.

Hazırda Ferford aviabazasında 11 ədəd "B-1B Lancer" ağır bombardmançı və yeddi ədəd "B-52H Stratofortress" təyyarəsi yerləşdirilib. ABŞ-nin İrana qarşı hərbi əməliyyatı zamanı bu tipli təyyarələrdən ölkənin ən mühüm obyektlərinə, xüsusən də ballistik raketlərin və pilotsuz uçuş aparatlarının (PUA) qorunan yerləşmə, saxlanma və istehsal sahələrinə zərbələr endirmək üçün istifadə olunub.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
25 IYUN 2026
Bütün Xəbərlər