Yepiskop: “Kilsə üçün təhsil sadəcə məlumat ötürülməsi deyil”
Cəmiyyət
24.12.2025 12:37
“Kilsə öyrədir ki, texnologiyalar özlüyündə nə xeyir, nə də şərdir — hər şey onların kimin əlində və hansı məqsədlə istifadə olunmasından asılıdır. Texnoloji tərəqqi bərabərsizliyi dərinləşdirməməli, insana və ümumi rifaha xidmət etməlidir”.
TodayPress TV xəbər verir ki, bu fikirləri Roma-Katolik Kilsəsinin Azərbaycandakı ordinariyisi, yepiskop Vladimir Fekete Bakıda keçirilən Azərbaycan Din Xadimlərinin II Forumunda panel müzakirəsi zamanı səsləndirib.
O bildirib ki, süni intellekt bu gün artıq təhsil və maarifləndirmə sahəsində dəyərli alətə çevrilib, tədrisin fərdiləşdirilməsinə, biliklərə çıxışın genişlənməsinə və əlilliyi olan şəxslərin dəstəklənməsinə imkan yaradır. Lakin Feketenin sözlərinə görə, Papa Fransiskin də xəbərdarlıq etdiyi “texnokratik illüziya” təhlükəsi mövcuddur:
“Bu zaman səmərəlilik müdrikliyi, informasiya isə həqiqi biliyi əvəz edir”.
Yepiskop vurğulayıb ki, Müqəddəs Kitab informasiyadan daha üstün dəyər kimi müdrikliyi önə çəkir və bu prinsip təhsil prosesində xüsusilə əhəmiyyətlidir:
“Kilsə üçün təhsil sadəcə məlumat ötürülməsi deyil, bütöv insan şəxsiyyətinin — vicdanın, əxlaqi məsuliyyətin və xeyirlə şəri ayırd etmək bacarığının formalaşdırılmasıdır. Bu baxımdan heç bir alqoritm müəllimlə şagird arasında mövcud olan canlı münasibətləri əvəz edə bilməz”.
O əlavə edib ki, Papa XIV Leo də texnologiyaların etik müşayiət olunması ideyasını inkişaf etdirərək süni intellektin təhsildə məqsəd deyil, vasitə olmalı olduğunu vurğulayıb. Feketenin sözlərinə görə, maşın məlumatları emal edə bilər, lakin yalnız insan insanı tərbiyə etmək gücünə malikdir.
Yepiskop süni intellekt dövründə tənqidi düşüncənin itirilməsi təhlükəsinə də diqqət çəkib və informasiya bolluğunun məsuliyyəti daha da artırdığını bildirib.
Sonda o vurğulayıb ki, Katolik Kilsəsi süni intellekti təhlükə kimi deyil, mənəvi istiqamət tələb edən bir vasitə kimi qiymətləndirir:
“Təhsildə süni intellekt yalnız o zaman insanın inkişafına xidmət edə bilər ki, mərkəzdə həmişə Allah tərəfindən yaradılmış insan şəxsiyyəti dayansın”.
Qiymət Mahir
tag: Vladimir Fekete,Din xadimləri,Görüş,Tədbir,Todaypress.tv,
