Şuşakəndə növbəti köç karvanı çatdı
Cəmiyyət
14.11.2025 13:40
Xocalının Şuşakənd kəndinə növbəti köç karvanı çatıb. Bu mərhələdə 55 nəfərdən ibarət 19 ailə doğma yurdlarına qayıdıb.
TodayPress TV xəbər verir ki, köçürülən ailələr uzun illər ölkənin müxtəlif bölgələrində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış vətəndaşlardan ibarətdir.
Şuşakənddə keçirilən açarların təqdim olunması mərasimində Xankəndi, Ağdərə və Xocalı üzrə Bərpa, Tikinti və İdarəetmə Xidmətinin rəhbərliyi və kənd sakinləri iştirak ediblər. Çıxışlarda Böyük Qayıdış proqramı çərçivəsində ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və infrastruktur işlərinin sürətlə davam etdiyi vurğulanıb.
Sakinlər doğma evlərinə qayıtmaq sevincini ifadə ediblər.
Qeyd edək ki, bu günə kimi Şuşakəndə 230 nəfərdən ibarət 61 ailə köçürülüb.
tag: Xocalı,Köç,Şuşakənd, Tikinti və İdarəetmə Xidməti,Todaypress.tv,
