İctimai yerlərdə sındırılan məhsulun pulu kimin boynunda qalır?

İctimai yerlərdə sındırılan məhsulun pulu kimin boynunda qalır?
29.06.2026 15:14 Cəmiyyət

Supermarketlərdə, digər satış məntəqələrində və ictimai yerlərdə istehlakçıların bilmədən məhsul sındırması halları tez-tez baş verir. Belə vəziyyətlərdə bəzi mağazalar istehlakçıdan zərərin dərhal ödənilməsini tələb edir.

Maraqlıdır ki, qanun buna nə deyir?

Mövzu ilə bağlı hüquqşünas İntiqam Hacıyev TodayPress TV-yə bildirib ki, satıcının alıcını mağazada saxlamaq, hansısa bir əşyasını girov götürmək, yaxud onu yerindəcə ödəniş etməyə məcbur etmək hüququ yoxdur.


Onun sözlərinə görə, satıcı hadisəni aktlaşdırıb, təhlükəsizlik kameralarının görüntülərini də əlavə edərək məhkəməyə müraciət edə və zərərin ödənilməsini məhkəmə qaydasında tələb edə bilər.

Hüquqşünas qeyd edib ki, məhsulun pulu ödənilməyib və alıcıya təhvil verilməyibsə, o hələ də satıcının mülkiyyətində sayılır. Bu səbəbdən də məhsulun təsadüfən zədələnməsi və ya məhv olması riski satıcının üzərində qalır.

Ancaq alıcının qəsdi və ya kobud ehtiyatsızlığı olarsa, vəziyyət fərqli olur.

“Məsələn, alıcı qəsdən məhsulu yerə atıb sındırırsa və ya mağazada qaçaraq, normal olmayan davranış nəticəsində məhsullara zərər vurursa, bu halda dəymiş zərəri ödəməlidir”, – deyə hüquqşünas bildirib.

Yəni məhsulun sındırılması hər zaman alıcının onu ödəməli olduğu anlamına gəlmir. Burada əsas məsələ hadisənin necə baş verməsi və alıcının təqsirinin olub-olmamasıdır. Bu isə zərurət yaranarsa, məhkəmə tərəfindən qiymətləndirilir.

Xanım Musayeva

XƏBƏR LENTİ
29 IYUN 2026
Bütün Xəbərlər