ICESCO-nun nümayəndəsi: “Uşaqların rəqəmsal mühitdə qorunması prioritetdir”

Cəmiyyət

23.12.2025 14:54

“Rəqəmsal dünyanın uşaqlar üçün yaratdığı risklər təkcə texnoloji məsələ deyil, bu, cəmiyyətlərin sosial və insan inkişafı baxımından əsas prioritetlərindən biridir”.  

TodayPress TV xəbər verir ki, bunu ICESCO-nun İnsan Elmləri Bölməsinin direktoru Dinara Quliyeva “Rəqəmsal mühitdə uşaqların müdafiəsi: Müasir alətlər və beynəlxalq əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

Dinara Quliyeva bildirib ki, ICESCO-nun əsas missiyası İslam dünyasında təhsil, mədəniyyət, elm və innovasiyanın təşviqidir. Onun sözlərinə görə, təşkilat çoxsektorlu qurum kimi fəaliyyət göstərir və uşaqların müdafiəsi bütün layihə və proqramların mərkəzində dayanır. Əsas məqsəd etik, inklüziv və dayanıqlı inkişafı təşviq etməkdir.

O vurğulayıb ki, rəqəmsal mühit öyrənmə və ünsiyyət üçün geniş imkanlar yaratsa da, eyni zamanda zərərli məlumatlar, manipulyativ alqoritmlər və yanlış mesajlar kimi ciddi risklər də meydana çıxarır. Bu risklər uşaqların kimliyinin formalaşmasına və psixi sağlamlığına birbaşa təsir göstərir.

ICESCO rəsmisi süni intellektin artan roluna da diqqət çəkərək qeyd edib ki, etik nəzarət mexanizmləri olmadan bu texnologiyalar faydadan çox zərər verə bilər. 

Onun sözlərinə görə, uşaqların qorunması etik qaydalar, mədəni yanaşma və psixi sağlamlıq dəstəyi ilə kompleks şəkildə təmin olunmalıdır.  

Qiymət Mahir

TodayPress TV

tag: Dinara Quliyeva,İCESCO,Konfrans,Çıxış,Todaypress.tv,