Hicran Hüseynova: “Azərbaycan dini harmoniyanı dövlət siyasətinə çevirib”

Cəmiyyət

24.12.2025 15:05

“Əsrlər boyu ölkəmizdə müxtəlif dinlərin, mədəniyyətlərin, millətlərin və etnik qrupların nümayəndələri sülh və əmin-amanlıq şəraitində bir ailə kimi yaşayıblar. Onların hər biri eyni hüquq və azadlıqlara malikdir və bu prinsip Konstitusiyamızda təsbit olunub”.

TodayPress TV xəbər verir ki, bu fikirləri Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Bakıda keçirilən Azərbaycan Din Xadimlərinin II Forumunda “Qadınların sosial və mənəvi inkişafında dini icmaların rolu” mövzusunda çıxışı zamanı səsləndirib.

O bildirib ki, Azərbaycan müasir olmaqla yanaşı, öz dini və milli köklərinə bağlı, eyni zamanda tolerant və dünyaya açıq bir dövlətdir:

“Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra dövlət–din münasibətləri sahəsində ardıcıl və düşünülmüş siyasət formalaşıb və bu prinsiplər bu gün də aktuallığını qoruyur. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan dini məsələlərin həllində yeni davranış formatı təqdim edir və mövcud stereotipləri qırır. Bu yanaşmanın nəticəsi olaraq, ölkəmizdə dövlət–din münasibətləri sahəsində əldə olunan nailiyyətlər beynəlxalq təşkilatlar və müxtəlif dövlətlər tərəfindən yüksək qiymətləndirilir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən tədbirlər, xüsusilə “Bakı prosesi” çərçivəsində görülən işlər Azərbaycanı regionda və dünyada tolerantlıq nümunəsinə çevirib”.

O, eyni zamanda vurğulayıb ki, Milli Məclisdə müvafiq qanun layihələrinin müzakirəsi zamanı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin məsul şəxsləri və dini icmaların nümayəndələri mütəmadi olaraq prosesə cəlb edilir. Onun sözlərinə görə, erkən nikah, qızların təhsildən yayınması, ailə dəyərlərinin təbliği, məişət zorakılığı, qadınlara qarşı ayrı-seçkilik və digər həssas mövzularla bağlı keçirilən ictimai dinləmələrdə də dini icmaların rəy və təklifləri diqqətdə saxlanılır.

Hicran Hüseynova qeyd edib ki, qadınların sosial və mənəvi inkişafında dini icmaların konstruktiv mövqeyi cəmiyyətin sağlam və davamlı inkişafına mühüm töhfə verir.

Qiymət Mahir

TodayPress TV

tag: Hicran Hüseynova,Din xadimləri,Görüş,Tədbir,Todaypress.tv,