DİQQƏT! Uçuşlar təxirə salınır, qiymətlər artacaq
Cəmiyyət
05.03.2026 15:42
Yaxın Şərqdə baş verən gərginlik regionda nəqliyyat və logistika sahəsinə də təsir göstərməyə başlayıb. Artan risklər fonunda bəzi uçuşların təxirə salınması və daşınma xərclərinin yüksəlməsi müşahidə olunur.
Mövzu ilə bağlı TodayPress TV-yə danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, qiymətlərə təsirin səviyyəsi əsasən regiondakı gərginliyin nə qədər davam edəcəyindən asılı olacaq.

Onun sözlərinə görə, əgər vəziyyət uzun müddət davam edərsə, logistik xərclərin artması qaçılmaz olacaq və bu da son nəticədə bazarda qiymətlərin yüksəlməsinə səbəb ola bilər.
"Gərginlik qısa müddətdə, bir neçə gün və ya bir neçə həftə ərzində aradan qalxarsa, bu halda ciddi iqtisadi təsirlərin yaranması ehtimalı yüksək deyil. Lakin proses uzanarsa, nəqliyyat marşrutlarında yaranan çətinliklər və əlavə xərclər idxal olunan məhsulların qiymətində artımı stimullaşdıra bilər".
Ekspertin fikrincə, hazırkı vəziyyətdə bazarın gələcək davranışı birbaşa olaraq regiondakı geosiyasi vəziyyətin necə inkişaf edəcəyindən asılıdır:
"Buna görə də logistika və nəqliyyat xərclərindəki dəyişikliklər, eləcə də avtomobil və digər idxal məhsullarının qiymətləri üçün əsas müəyyənedici amil məhz gərginliyin müddəti olacaq".
Qeyd edək ki, İsrail və ABŞ fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb.
Bölgədə yaranmış gərginlik səbəbindən bir neçə istiqamətdə uçuşlar təxirə salınıb.
Türkan İsgəndərli
tag: Natiq Cəfərli,İqtisadçı,Təyyarə,Bilet,Bahalaşma,Todaypress.tv,
