Ərdoğan ilk dəfə Azərbaycanla bağlı o ifadəni işlətdi - RƏY

Ərdoğan ilk dəfə Azərbaycanla bağlı o ifadəni işlətdi - RƏY
19.10.2026 15:04 Təhlil

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. O, oktyabrın 18-də Türkiyənin “NSosyal” sosial şəbəkəsindəki hesabında paylaşım edərək Azərbaycan Prezidenti İlham Əliyevə və Azərbaycan xalqına salamlarını çatdırıb.

Ərdoğan paylaşımında “Azerbaycan türkü kardeşlerim” ifadəsini işlədib. Türkiyə Prezidentinin bu söz birləşməsindən ilk dəfə istifadə etməsi diqqət çəkib.

Mövzu ilə bağlı TodayPress TV-yə açıqlama verən politoloq Oqtay Qasımov Ərdoğanın mesajını Azərbaycan-Türkiyə münasibətləri baxımından əhəmiyyətli qiymətləndirib.


Onun sözlərinə görə, xüsusilə son dövrlərdə Türkiyədə bəzi çevrələrin Azərbaycana qarşı apardığı kampaniyalar fonunda bu paylaşım xüsusi məna daşıyır.

"Türkiyə Prezidenti Ərdoğanın dünən Azərbaycanın müstəqilliyinin bərpası ilə bağlı paylaşımı, əlbəttə ki, çox vacib idi. Xüsusilə də son dövrlər Türkiyədə bəzi çevrələrin Azərbaycana qarşı apardığı kampaniya çərçivəsində bu, xüsusi önəm daşıyır".

Siyasi şərhçi Ərdoğanın paylaşımında işlətdiyi “Azərbaycan türk qardaşlarım” ifadəsi ilə bağlı bildirib ki, bu yanaşma Azərbaycanın etnik və milli xüsusiyyətləri baxımından məntiqlidir.

"Ərdoğanın "Azərbaycan türk qardaşlarım" ifadəsi kifayət qədər məntiqli bir yanaşmadır. Çünki Azərbaycan çoxmillətli dövlət olsa da, dövlətin aparıcı etnosu Azərbaycan türkləridir. Digər etnik qruplar da Azərbaycan toplumunun dəyərli üzvləridir". 

O.Qasımov Azərbaycanın müxtəlif etnik qrupların nümayəndələrinin birgə yaşadığı ölkə olduğunu diqqətə çatdıraraq qeyd edib ki, cəmiyyətdə bütün millətlərə və etnik qruplara hörmətlə yanaşılır.

"Biz Azərbaycanda yaşayan bütün etnik qruplara, milliyyətlərə, hər birinə hörmətlə yanaşırıq və Azərbaycan bu baxımdan dünyanın ən tolerant ölkələrindən biridir. Türkiyə Prezidentinin müstəqilliyin bərpası münasibətilə ünvanladığı təbrik həm məzmunu, həm də səsləndirildiyi dövr baxımından diqqətəlayiqdir. Hesab edirəm ki, bu mesaj müstəqilliyimizlə bağlı kifayət qədər səmimi, korrekt və son günlərin, son dönəmlərin gərginliyi fonunda olduqca əhəmiyyətli bir açıqlamadır", - deyə politoloq fikrini tamamlayıb.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
19 OKTYABR 2026
Bütün Xəbərlər