Azərbaycanda mənzil niyə əlçatmazdır? - Bahalaşmanın əsl səbəbi açıqlandı

Azərbaycanda mənzil niyə əlçatmazdır? - Bahalaşmanın əsl səbəbi açıqlandı
15.07.2026 14:35 Cəmiyyət

Son illər Azərbaycanda mənzil qiymətlərinin sürətlə bahalaşması cəmiyyətdə ən çox müzakirə olunan mövzulardan biridir. Xüsusilə vətəndaşlar 70-80 min manat büdcə ilə mənzil tapmağın çətinləşdiyini, qiymət artımında isə ipoteka kreditlərinin rol oynadığını iddia edirlər. Digər tərəfdən, evlərin real dəyərindən qat-qat baha satıldığı ilə bağlı fikirlər də səsləndirilir.

Mövzu ilə bağlı TodayPress TV-nin suallarını cavablandıran Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı Vüqar Oruc bildirib ki, daşınmaz əmlak bazarında qiymət artımının arxasında tək bir deyil, çoxsaylı iqtisadi və sosial amillər dayanır.


Onun sözlərinə görə, hazırda daşınmaz əmlak Azərbaycanda ən cəlbedici investisiya istiqamətinə çevrilib:

"Mənzillərin və evlərin qiymətinin artımı daşınmaz əmlakın investisiya cəlbediciliyi ilə bağlıdır. Hazırda həm sahibkarlar, həm də vətəndaşlar daha çox öz investisiyalarını bu istiqamətə yönəldirlər. Amma bu, qiymət artımının yeganə səbəbi deyil. Tikinti xərclərinin artması, məsrəflərin yüksəlməsi, inflyasiya, logistika və enerji daşıyıcılarının bahalaşması qiymətlərə birbaşa təsir edir. Bundan əlavə, manatın alıcılıq qabiliyyətindəki dəyişikliklər də bazarda özünü göstərir. Regionlardan Bakıya axın davam edir. İnsanlar əsasən iş imkanlarına görə paytaxtı seçirlər. Bu isə kirayə mənzil bazarında tələbi artırır. Kirayə bazarında yaranan aktivlik sonradan satış bazarına da təsir göstərir və qiymətlər yüksəlir".

AQC sədri əlavə edib ki, Ukrayna-Rusiya müharibəsi başlayandan sonra regionda baş verən geosiyasi proseslər də daşınmaz əmlak bazarında qiymət artımını sürətləndirib.

"Regional proseslər də mühüm rol oynayır. Ukrayna və Rusiya arasında müharibə başlayandan sonra qiymət artımı daha da hiss olunmağa başladı. Belə hadisələr daşınmaz əmlak bazarına birbaşa təsir göstərən amillərdəndir. Əlbəttə, ipoteka kreditləşməsi bazarda aktivlik yaradır. Bazara müraciət edənlərin sayı artır və bu da qiymətlərə təsir göstərir. Amma ipotekanın yaratdığı bahalaşma ümumi qiymət artımının cüzi bir hissəsidir. Əsas səbəblər investisiya marağı, tikinti xərcləri, inflyasiya və digər makroiqtisadi amillərdir".

İqtisadçı evlərin real dəyərindən baha satılması ilə bağlı fikirlərlə də razılaşmadığını bildirib.

"Evlərin dəyərindən çox baha satıldığını demək düzgün olmaz. Torpaq sahələri məhduddur, əhali artır, yeni ailələr yaranır, yeni yaşayış kompleksləri tikilir. Torpağa tələbat artır və bu da qiymətlərə təsir edir. Əvvəllər sahibkar bir layihədən əldə etdiyi qazancı kifayət hesab edirdisə, indi inflyasiya və digər iqtisadi amillərə görə daha yüksək gəlir əldə etməyə çalışır. Bu da mənzillərin satış qiymətində öz əksini tapır. Azərbaycanda mənzillərin qiyməti vətəndaşların gəlirləri ilə müqayisədə yüksək görünsə də, region ölkələri ilə müqayisədə bazarı həddindən artıq bahalı hesab etmək düzgün deyil. Daşınmaz əmlak qiymətləri minimum və orta aylıq əməkhaqqı ilə müqayisədə yüksəkdir. Ona görə də vətəndaşların böyük hissəsi mənzil ala bilmir. Amma bu, mənzillərin mütləq şəkildə həddindən artıq baha olması demək deyil. Əməkhaqları artdıqca mənzillərə əlçatanlıq da yüksələcək".

Vüqar Oruc hesab edir ki, sosial mənzil layihələrinin genişləndirilməsi, ucuz torpaq sahələrində yeni yaşayış massivlərinin salınması, "15 dəqiqəlik şəhər" modelinin tətbiqi və dövlət obyektlərinin şəhər mərkəzindən kənara köçürülməsi gələcəkdə daşınmaz əmlak bazarında qiymətlərin tənzimlənməsinə müsbət təsir göstərə bilər.

Türkan İsgəndərli

TodayPress TV

FOTOLAR

Azərbaycanda mənzil niyə əlçatmazdır? - Bahalaşmanın əsl səbəbi açıqlandı — 1
XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər