Alev Ecevit: “Uşaqların rəqəmsal təhlükəsizliyi üçün institusional əməkdaşlıq vacibdir”

Cəmiyyət

23.12.2025 15:14

“Uşaqların rəqəmsal mühitdə effektiv qorunması üçün təkcə texniki tədbirlər kifayət etmir, bu sahədə institusional və sistemli yanaşmaya ehtiyac var”.

TodayPress TV xəbər verir ki, bunu Şimali Kipr Türk Cümhuriyyəti Əmək və Sosial Təminat Nazirliyi yanında Sosial Xidmətlər İdarəsinin müdiri Alev Ecevit Bakıda keçirilən “Rəqəmsal mühitdə uşaqların müdafiəsi: Müasir alətlər və beynəlxalq əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

O qeyd edib ki, ŞKTR-nin kiçik və qapalı cəmiyyət strukturu uşaqların rəqəmsal risklərlə üzləşdikdə bu halları bildirməsini çətinləşdirir. Damğalanma qorxusu, məxfiliyin qorunmayacağına dair narahatlıq və sosial təzyiq uşaqların və ailələrin rəsmi qurumlara müraciət etməkdə tərəddüd etməsinə səbəb olur.

Alev Ecevitin sözlərinə görə, bildirişlərin artırılması üçün yaradılacaq mexanizmlər şəxsi məlumatların qorunması, etimad və əlçatanlıq prinsipləri üzərində qurulmalıdır:

“Bu yanaşma tək bir qurumun fəaliyyəti ilə məhdudlaşmamalı, təhsil müəssisələri, sosial xidmət orqanları, vətəndaş cəmiyyəti təşkilatları və hüquq-mühafizə qurumları arasında institusional əməkdaşlıq mexanizmi formalaşdırılmalıdır. Hüquqi əsaslara söykənən, davamlı monitorinq və qiymətləndirmə mexanizmləri ilə dəstəklənən model erkən müdaxiləni mümkün edəcək və uşaqların rəqəmsal mühitdə daha etibarlı şəkildə qorunmasına şərait yaradacaq”.

Qiymət Mahir

TodayPress TV

tag: Alev Ecevit,ŞKTR,Konfrans,Çıxış,Todaypress.tv,