Alev Ecevit: “ŞKTR-də kiberzorakılıq halları artır”
Cəmiyyət
23.12.2025 15:02
“Şimali Kipr Türk Cümhuriyyətində uşaqların rəqəmsal mühitdə üzləşdiyi risklər, xüsusilə kiberzorakılıq halları ciddi narahatlıq doğurur”.
TodayPress TV xəbər verir ki, bunu Şimali Kipr Türk Cümhuriyyəti Əmək və Sosial Təminat Nazirliyi yanında Sosial Xidmətlər İdarəsinin müdiri Alev Ecevit Bakıda keçirilən “Rəqəmsal mühitdə uşaqların müdafiəsi: Müasir alətlər və beynəlxalq əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.
Alev Ecevit bildirib ki, bu sahə üzrə əhatəli və aktual rəsmi statistika məhdud olsa da, məktəblərdə fəaliyyət göstərən psixoloji məsləhət və bələdçi xidmətlərindən alınan geribildirimlər kiberzorakılıq hallarının artdığını göstərir. Onun sözlərinə görə, uşaqların zorakılıq, cinsi məzmun və nifrət nitqi ehtiva edən uyğunsuz materiallara məruz qalması, onlayn oyun platformaları və sosial şəbəkələr üzərindən həyata keçirilən “grooming” (istismar) halları, şəxsi məlumatların düşünülmədən paylaşılması və rəqəmsal asılılıq uşaqların sağlam inkişafını ciddi şəkildə təhdid edir.
Sosial Xidmətlər İdarəsinin müdiri, həmçinin uzunmüddətli ekran istifadəsinin uşaqların psixososial inkişafına və akademik göstəricilərinə mənfi təsir göstərdiyini də vurğulayıb.
Qiymət Mahir
tag: Alev Ecevit,ŞKTR,Konfrans,Çıxış,Todaypress.tv,
