Prezident İlham Əliyev Si Cinpinə məktub ünvanladı

Prezident İlham Əliyev Si Cinpinə məktub ünvanladı
29.09.2025 17:44 Xarici siyasət

Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə məktub ünvanlayıb.

TodayPress TV xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Sədr,

Çin Xalq Respublikasının milli bayramı münasibətilə Sizə və Sizin simanızda dost Çin xalqına öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Sizin liderliyiniz sayəsində iqtisadi, sənaye, hərbi, yüksək texnologiyalar, innovasiya, elm və digər bütün sahələrdə mühüm nailiyyətlər əldə edən Çin dünyanın ən qabaqcıl ölkələri sırasında qərarlaşmış, beynəlxalq aləmdə proseslərə həlledici təsir göstərən güc mərkəzinə çevrilmişdir. Bu il ərzində dost ölkənizə həyata keçirdiyim iki səfər zamanı Sizin qətiyyətli rəhbərliyiniz altında ölkədə aparılan genişmiqyaslı quruculuq işlərini, möhtəşəm inkişafı və nailiyyətləri əyani şəkildə görmək məndə böyük təəssürat oyatdı.

Çin Xalq Respublikası ilə əlaqələrin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindəndir. Məmnunluqla qeyd etmək istərdim ki, son dövrdə Azərbaycan-Çin münasibətləri yeni mərhələyə qədəm qoymuşdur. Aramızdakı fəal dialoq, səmimiyyət və qarşılıqlı etimad şəraitində keçən görüşlərimiz, təmaslarımızın intensivliyi Azərbaycan-Çin əlaqələrinin səviyyəsindən və yüksək dinamikasından xəbər verir. Aprel ayında Çinə dövlət səfərim zamanı imzalanmış sənədlər, xüsusilə də “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat” ikitərəfli əlaqələrimizi daha da yüksək pilləyə qaldırmış, dövlətlərarası münasibətlərimizin strateji mahiyyətini gücləndirmişdir.

Bu gün Azərbaycan ilə Çin arasında qarşılıqlı etimad, hörmət və dəstəyə əsaslanan münasibətlərin hərtərəfli strateji tərəfdaşlıq müstəvisində inkişafı məmnunluq doğurur. Siyasi, iqtisadi-ticari, sənaye, enerji, nəqliyyat-kommunikasiya, investisiya, kənd təsərrüfatı, humanitar və digər sahələrdə əməkdaşlığımızın gündən-günə genişlənməsi və yeni məzmunla zənginləşməsi bizi sevindirir. “Kəmər və yol” layihəsinin uğurla icrası, xüsusilə də onun vacib tərkib hissəsi olan Orta Dəhliz vasitəsilə daşımaların artması təqdirəlayiqdir. Eyni zamanda vizasız gediş-gəlişə dair sənədin qüvvəyə minməsinin insanlararası təmasların və turizmin inkişafına, iqtisadi, humanitar və mədəni əlaqələrin dərinləşməsinə mühüm təkan verəcəyinə inanıram.

Hörmətli cənab Sədr,

Əminəm ki, bir-birinə böyük rəğbət bəsləyən xalqlarımızın rifahı naminə mövcud imkanlardan yararlanaraq birgə səylərimizlə Azərbaycan-Çin ənənəvi dostluq əlaqələrinin daha da möhkəmlənməsinə, hərtərəfli strateji tərəfdaşlığımızın daha da dərinləşməsinə nail olacağıq.

Belə bir xoş gündə Sizi bir daha ürəkdən təbrik edir, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Çin xalqına daim əmin-amanlıq, rifah və firavanlıq arzulayıram".

TodayPress TV

XƏBƏR LENTİ
01 IYUN 2026
Prezident İlham Əliyev Donald Trampa təşəkkür etdi 14:08 Premyer Liqa təmsilçisi iki vacib futbolçusunu heyətdə saxladı! 13:49 GERİ SAYIM BAŞLADI : Ermənistanın taleyi həll olunur 13:43 Putin Paşinyanla telefon danışığı apardı 13:36 İngiltərə futbolunun simvolu yaşıl meydanlarla sağollaşdı! 13:28 Minlərlə uşaq məktəbəhazırlıq qruplarını başa vurdu 13:20 Hava kəskin dəyişir - Bakıya yağış yağacaq? 13:07 BP AÇG-də sərbəst təbii qaz hasilatına başladı 12:58 Fətəliyeva lideri təqib edir, ilk üçlükdə qərarlaşıb! 12:51 Ötən ay 7 500 hektardan çox ərazi minalardan təmizlənib 12:47 Viza müraciətlərində YENİ DÖVR - Azərbaycan vətəndaşları... 12:28 İran BƏƏ-nin hava bazasına zərbə endirdi 12:24 FACİƏ! 11 yaşlı qız 7-ci mərtəbədən yıxılaraq öldü 12:12 BMT-nin Baş katibi İlham Əliyevi təbrik etdi 12:08 Netanyahu fars imiş - DNT-si açıqlandı 12:03 Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdi - YENİLƏNDİ 2 10:02 Diplomatik danışıqlar iflasa uğrayır? ABŞ-nin Küveytdəki bazası vuruldu - VİDEO 11:50 Yayın ən səs-küylü transferlərindən biri reallaşa bilər! 11:43 Putindən bələdiyyə rəhbərləri ilə bağlı kritik sənəd: 1 oktyabradək vaxt verildi! 11:39 KTM: May ayında 85 nəfər zəhərlənib 11:39 İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanladı 11:34 Paris nəhəngi yay üçün ulduz ovuna başladı! 11:22 Şiələr “Ağ Ev"i ələ keçirdilər – Dünya belə "savaş" görməyib... 11:20 Prezident: Zəngəzur dəhlizi mütləq inşa ediləcək 11:17 Zakir Həsənov Gürcüstan Baş naziri ilə görüşdü - Nələr müzakirə edildi? 11:14 Bütün Xəbərlər