İtaliyada 120 azərbaycanlı həlak oldu - barelyefi qoyuldu
Xarici siyasət
22.04.2026 15:49
İtaliyada İkinci Dünya müharibəsi zamanı faşizmə qarşı mübarizədə həlak olmuş azərbaycanlı döyüşçülərin xatirəsi yad edilib.
TodayPress TV xəbər verir ki, anım mərasimi "Monte di Nese" ərazisində keçirilib.
Tarixi mənbələrə görə, 1945-ci ildə İtaliya partizanlarına dəstək vermək üçün bölgəyə gələn 120 azərbaycanlı əsgər faşist və nasist qüvvələrinə qarşı döyüşlərdə iştirak edib. Onlar ağır şəraitə baxmayaraq geri çəkilmək və ya təslim olmaqdan imtina edərək sonadək müqavimət göstəriblər.
Döyüşlər zamanı bir çox azərbaycanlı əsgər həlak olub. Sağ qalanlar isə əsir götürülərək edam edilib. Bu hadisə İkinci Dünya müharibəsinin az tanınan, lakin faciəvi səhifələrindən biri kimi qiymətləndirilir.
Anım tədbirində yerli rəsmilər, tarixçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Çıxış edənlər azərbaycanlı döyüşçülərin göstərdiyi igidliyin unudulmamasının vacibliyini vurğulayıblar.
Qeyd edək ki, bu hadisə İkinci Dünya müharibəsi dövründə müxtəlif xalqların faşizmə qarşı birgə mübarizəsinin nümunələrindən biri hesab olunur.
Jalə Rövşən
tag: İtaliya ,Faşizm ,Azərbaycanlı ,Anım ,Todaypress.tv,
